Küveyt neftin qiymətinin bir barelə görə 76 dollara enəcəyini proqnozlaşdırır
Küveyt OPEK-ə daxil olan ölkələrdə neft hasilatının uzlaşdırılmış şəkildə ixtisarı üçün imkanların olmadığını düşünür və qiymətlərin daha 14% - bir barelə görə 76 dollaradək azalacağını proqnozlaşdırır.
Oxu.Az Rosbalt.ru-ya istinadən xəbər verir ki, bu barədə Küveytin neft naziri Əli əl-Omair bildirib.
“Bir barelə görə 76-77 dollar azalmanın dayanacağı səviyyə ola bilər”.
Bazar ertəsi Londonda Brent markalı neftin bir barelinin qiyməti 88,4 dollar təşkil edib. Son üç ayda kotirovkalar 20% azalıb.
Neft ixrac edən ölkələr təşkilatı (OPEK) noyabrın 27-də keçiriləcək iclasda çətin ki, kotirovkaları saxlamaq üçün hasilatı azaltmaq barədə qərar qəbul etsin, əl-Omair güman edir.
“Düşünmürəm ki, bu gün ölkələrin (OPEK üzvlərinin – red.) hasilatı azaltmaq barədə qərar qəbul etmək şansları var, çünki bu gün OPEK-in şəxsi kvotası 30 milyon barel təşkil edir və indiyədək yerinə yetirilmir”, - deyə, o bildirib.
Onun rəyinə görə, yaranmış vəziyyətdə hasilatın azalması heç də qiymət artımına təsir göstərməyəcək, çünki bazar Rusiyadan tədarüklər və ABŞ-ın neft hasilatının hazırkı vəziyyətini əks etdirir.
Bu arada Səudiyyə Ərəbistanı neft bazarı iştirakçılarına işarə edib ki, uzun müddət ərzində “qara qızılın” dünya qiymətlərinin aşağı səviyyədə qalmasına etiraz etmir. Ekspertlər bununla da Səudiyyə Ərəbistanının bazardakı rəqiblərində hasilatın azalmasına ümid etdiyini bildirirlər.
Əvvəllər dünyada neftin qiymətlərinin 100 dollar civarında saxlanılmasını dəstəkləməyə çalışan Səudiyyə Ərəbistanı rəhbərliyi yaxın bir-iki ildə kotirovkaların 80 dollaradək azalması ilə razıdır. Bu barədə səudiyyə məmurları ötən həftənin sonunda analitiklər və ötən həftə neft bazarındakı investorlarla görüşlərində bildiriblər, Reuters agentliyi şəxsi mənbələrinə istinadən xəbər yayıb.
Səudiyyə Ərəbistanının hesablamalarına görə, aşağı qiymətlər xüsusilə də ABŞ-da şist yataqlarına və dərinlikdə yerləşən yataqlara investisiyalara azalda bilər ki, bu da gələcəkdə qiymətlərin artımına gətirə, ölkəyə isə dünyada ən böyük neft ixracatçısı mövqeyini saxlamağa kömək edə bilər.
Mənbə:> Oxu.Az