Aİ: İran “Cənub Qaz Dəhlizi” layihəsinə qoşula bilər
Avropa İttifaqı ilə Türkiyəni birləşdirən bir çox ortaq məsələ var ki, onlardan biri də “Cənub Qaz Dəhlizi” layihəsidir.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının enerji və iqlim dəyişikliyi məsələləri üzrə komissarı Migel Arias Kanyete “Anadolu" agentliyinə müsahibəsində deyib.
“Avropa İttifaqına üzv olan ölkələrə nəql olunacaq qaz mənbələrinin diversifikasiyası üçün birlikdə çalışmalıyıq. Biz Türkiyə, Azərbaycan və böyük ehtimalla Türkmənistandan nəql olunacaq qaza önəm veririk. Bildiyiniz kimi, Rusiyadan da qaz alırıq”, - deyə komissar bildirib.
O əlavə edib ki, İran "Cənub Qaz Dəhlizi" layihəsinə qoşula bilər:
“İranın “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulacağını istisna etmirik. Bu layihə təkmilləşdirməsi zəruri olan bir layihədir. Belə ki, onun vasitəsilə nəql olunacaq qazın mənbələri diversifikasiya olunacaq”.
Mənbə:> APA