Fantastik erməni janrı
Ermənistan populyar janrda yeni fantastika xəstəliyinə mübtəla olub. Ermənistan parlamentinin hakim Respublika partiyasından olan deputatı - hansısa Vaqram Mkrtçyan bildirib ki, İran qazının Avropaya nəqli üçün ən yaxşı marşrutu Ermənistandır.
"İran bizim üçün Asiyaya pəqjərədir", - deyə deputat xüsusi bəlağətlə bildirib: "Biz də qonşularımız üçün Avropaya pəncərə olacağıq".
Mkrtçyan da, ona əl çalan deputatlar da, yəqin ki, işlərin real vəziyyəti ilə çox pis tanışdırlar. Bizim qonşuların arzu elədiyi kəməri Gürcüstana, sonra da Rusiyaya çəkmək olar. Halbuki, Avropa onu Rusiyadan gələn mavi yanacaq nəqlindən daha az asılı edən layihələri dəstəkləyir.
İrandan Avropa Birliyi ölkələrinə enerji resurslarının real nəql imkanı yalnız "Cənub dəhlizi"nin əsas elementi olan TANAP layihəsinə qoşulmaqla yarana bilər.
Görünür, bu, belə də olacaq. Çünki Azərbaycanın SOCAR şirkətinin başçısı Rövnəq Abdullayev bu günlərdə bildirib ki, İran tərəfinin TANAP-a qoşulma imkanı tamamilə realdır. Yeri gəlmişkən, bunu Türkiyə enerji və təbii qaynaqlar naziri Taner Yıldız da bildirib. İşğalçı-təcavüzkar siyasəti üzündən Ermənistanın regionda yaxın gələcəkdə hansısa energetika layihəsinə qoşulması mümkün deyil. Bunu İrəvanın rəsmi dairələri də yaxşı bilirlər.
Erməni deputatın gəvəzəliyi reallıqdan uzaq fantastika olsa da, istənilən halda, özünə növbəti diqqət cəlb etmək cəhdindən başqa bir şey deyil.
Yerli iqtisadçılar və maliyyəçilər artıq hesablayıblar ki, hər şey normal getsəydi və Ermənistan Dağlıq Qarabağı işğal eləmək fikrinə düşməsəydi, bu Cənubi Qafqaz respublikası enerji layihələrinə qoşulmaq hesabına çox böyük gəlirlər əldə edə bilərdi. Bu da vətəndaşlara ölkədə qalaraq normal yaşamaq imkanı yaradardı.
Amma nə etməli, Ermənistanın siyasət xadimlərini Allah belə yaradıb. Onlar əvvəl işi görüb, sonra bunun nə kimi nəticələr verə biləcəyini düşünürlər.
Mənbə:> ANSPRESS