“Nabucco” dirçələ bilərmi? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

“Nabucco” dirçələ bilərmi?

“Nabucco” dirçələ bilərmi?


Avropa İttifaqı (Aİ) Rusiyadan qaz asılılığını azaltmaq və ümumiyyətlə, mavi yanacaq idxalı sahəsində dərin şaxələnməyə nail olmaq üçün hətta əvvəl aktual sayılan, sonra isə tarixin arxivinə atılmış “ölü” layihələri də belə, dirçəlltməyə hazırdır. Halbuki Aİ qiymətlər ucuz, habelə bir sıra digər amillər əlverişli olduğu yaxın illər ərzində bir çox reallıqlara göz yumurdu. Belə görünür, adı çəkilən qurum bunun acısını çəkir.

Bu günlərdə diqqəti çəkən ortada olan layihələr hələ reallaşdırılmamış təxminən, iki il öncə tarixin arxivinə atılmış “Nabucco West”in yenidən müzakirə obyektinə çevrilməsi oldu.

Düzdür, bu məsələ Prezident İlham Əliyevin Sofiyaya səfəri zamanı Bolqarıstanın Baş naziri Boyko Borisov tərəfindən səsləndi.

Lakin nəzərə alsaq ki, Aİ qaz idxalında şaxələnməyə nail olmaq istiqamətində məhz Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizi” prioritet sayır, “Nabucco West”in yada salınacağı da gözlənilən idi.

Xatırladaq ki, “Nabucco West”i 2013-cü ildə məhz Trans-Adriatik Boru Kəməri (TAP) gündəlikdən çıxartdı. Azərbaycanın “Şahdəniz” yatağının tam işlənməsi nəticəsində çıxarılacaq qaz Avropaya məlum olduğu kimi Gürcüstandan keçəcək “Cənub Qaz Dəhlizi”ndən, sonra isə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə TAP-dan keçərək çatdırılacaq. Sözümüz bunda deyil.

“Nabucco West” dirçələ bilərmi?

Bir çox ekspertlər bunu real saymır. Lakin qeyd olunan suala cavab tapmaq üçün bizcə öncə, Rusiya prezidenti Vladimir Putinin keçən ilin sonunda Türkiyəyə səfəri zamanı "Cənub axını" layihəsindən imtina etməsiylə əlaqədar Aİ-nin necə “çaş-baş” vəziyyətə düşdüyünü xatırlamaq lazımdır. Rusiyanın bu addımı gözlənilən idi. Çünki qeyd olunan layihə əslində, Rusiyadan da çox Aİ-nin özünə lazım idi. Lakin, məlum səbəblər üzündən V.Putinin sözügedən addımı atacağı qaçılmaz sayılırdı.

“Cənub axını” arxivə atılan kimi Aİ TANAP-ın gücünü ildə 20 milyard kubmetrə qədər artırmaq lazım gəldiyini irəli sürdü ki, bununla da Aİ-nin iqtisadi təhlükəsizliyi təmin etmək və enerji təminatı sahəsində konkret və yekdil bir fikrə sahib olmadığı əslində, növbəti dəfə üzə çıxdı.

Yəni, Aİ ölkələrində iqtisadiyyatla görünür, sırf iqtisadçılar və maliyyəçilər deyil, siyasətçilər məşğul olur. O səbəbdən ki, 20 milyard kubmetr az həcm deyil və qaz nəqli üçün çəkilən kəmər loru dillə desək, rezindən ibarət olmadığı üçün hər hansı bir istəklə və yaxud təkliflə genişləndirilə bilməz.

Bunun üçün müvafiq qaz resursları, investisiya və sair lazımdır. Bu da əlavə mənbələr axtarmaq, xüsusən də Türkmənistan qazının da çəkilməli olan “Transxəzər” boru kəməri vasitəsilə ölkəmiz üzərindən ixracı layihəsi üzərində düşünməyi və reallaşdırılmasını araşdırmağı tələb edir.

Odur ki, Avropa komissiyası Azərbaycan və Türkmənistan ilə birgə üçtərəfli görüş keçirməkdə maraqlı olduğunu bildirib ki, söhbət, “Transxəzər” boru kəmərinin tikintisi ilə bağlı müzakirələr aparmaq istəyindən gedir. Belə ki, bu layihə türkmən enerji resurslarını Avropa bazarına çatdırmaq üçün ən uyğun vasitədir.

Yeri gəlmişkən, keçən ilin yekununa əsasən, adı çəkilən ölkədə 76 milyard kubmetr qaz hasil olunub ki, 45 milyarddan çox ixrac edilib.

Cari ilsə 80 milyard kubmetrdən çox hasilat gözlənilir.

Sual olunur ki, türkmən qazının Xəzərin dibi ilə boru kəməri çəkməklə “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya çıxarılması nə dərəcədə realdır?

Məsələ bundadır ki, Aİ üçün qaz idxalında şaxəli imkanlara sahib olmaq nə qədər vacibdirsə, Türkmənistan üçün də ixracda eyni tələb o dərəcədə zəruridir. Çünki Rusiya idxalı azaldıb. Cari il ərzində də bu, davam edəcək. Söhbət, bir neçə 10 milyard kubmetrdən gedir. Digər marşrutlara gəldikdə isə, İranın qaz ehtiyatları kifayət qədərdir, Çin isə bütün qazı almaq istəyindədir.

Odur ki, ən sərfəli Avropa bazarıdır.

Lakin buna nail olmaq asandırmı? Təbii ki, yox...

Aİ ilə ölkəmiz və Türkmənistan arasında “Transxəzər” boru kəməri haqda danışıqlar əslində 2011-ci ildə başlanmışdır. Ancaq burada Xəzərin statusu və sair kimi həll olunmamış məsələlər vardır ki, layihənin gerçəkləşməsində Aşxabadın siyasi iradəsindən çox şey asılıdır.

Belə ki, bilavasitə Bakının təşəbbüsü ilə reallaşmış bir sıra layihələr sübut edib ki, əvvəl absurd sayılan bəzi ideyalar gerçəkləşdikdən sonra nəyinki regional, hətta dünya bazarları üçün də əhəmiyyətli bir vasitəyə çevrilib.

“Şahdəniz” yatağı da ən azı xərcini ödəyəcək. Və sözügedən yatağın ikinci mərhələsinin işlənməsi Azərbaycanda yeni yataqların axtarışı və tapılması üçün bizcə, investorlarda əlavə maraq yaradacaq.

“Transxəzər” də gerçəkləşərsə “Cənub Qaz Dəhlizi”nin əhəmiyyəti birə beş artacaq. Bu mövzuda əvvəlki şərhlərimizdə də yazmışdıq ki, nəzərdə tutulan kəmərlərin gücünün artırılması üçün texniki imkanlar var. Lakin bunun üçün Avropa ölkələrinin müvafiq şirkətləri ilə maliyyə qurumlarının birgə istəyi və iştirakı lazımdır.

Prinsipcə və texniki baxımdan hər şey mümkündür.

“Transxəzər” də TAP-ın 2013-cü ildə arxivə atdığı “Nabucco West”i dirçəldə bilər. Belə ki, Aİ əgər, Rusiyadan enerji asılılığını azaltmaq istəyirsə TANAP və TAP-la birgə Azərbaycandan bütün axın imkanlarının bacardıqca genişləndirilməsi qayğısına qaymalı və bunun təkcə, Bakıdan asılı məsələ olmadığını nəzərə almalıdır.

Yeri gəlmişkən, “Nabucco West” layihəsi Azərbaycanın Xəzər regionunda “Şahdəniz-2” yatağından Rusiyadan yan keçməklə Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya xətti üzrə 1300 kilometr boru kəmərinin inşasını nəzərdə tuturdu.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *