Avropanın "qaz" oyunu
"Azərbaycan qazı yalnız 2020-ci ilin ikinci rübündə Avropa bazarına çatdırılacaq. Bu baxımdan da heç cür anlamaq olmur ki, Avropa Azərbaycan qazının öz bazarına idxalında nə qədər səmimidir."
ANS PRESS-in məlumatına görə, bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
O, Azərbaycan qazının Avropaya çatdırılmasının gecikdirilməsinin səbəblərindən danışıb: "Azərbaycan qazı Yunanıstan üzərindən Bolqarıstana da gedəcək, qaz təkcə İtaliya bazarı üçün nəzərdə tutulmayıb. Bunlar Şərqi Avropa ölkələridirsə, Avropa orada birləşdirici kəmərlər sistemini nə qədər tez tikərdisə, Azərbaycan qazı Türkiyə üzərindən İtaliya bazarına daha şaxələnmiş şəkildə üz tuta bilərdi. Axı, 2019-cu ildə Rusiya Ukrayna üzərindən tranziti dayandıra bilər. Bu baxımdan Avropanın tutduğu mövqe başa düşülən deyil."
Onun sözlərinə görə, rəsmi Brüssel, o cümlədən Avropa ölkələri tərəfindən yeridilən siyasət çox mürəkkəbdir, başa düşülən deyil. Əgər Cənub Qaz Dəhlizinə üç qaz kəmərinin vəhdəti kimi baxırıqsa, bunlar da eyni vaxtda reallaşmağa başlayacaqsa, necə olur ki, təqribən 1910 kilometrlik TANAP (Transanadolu Qaz Boru Kəməri) layihəsinin Türkiyə ərazisində tikintisi 2018-ci ildə başa çatıb reallaşır, ancaq cəmi 870 kilometr olan TAP (Transadriatik Qaz Boru Kəməri) kəməri 2020-ci ildə gerçəkləşir?!
Mənbə:> ANSPRESS