TAP üzrə növbəti tender
Trans-Adriatik Boru Kəməri (TAP) quruda kəmər və siyirtmələrin çəkilişi üzrə müsabiqə elan edib. Müqaviləyə Yunanıstanda Tessaloniki və Albaniyada Durres bölgələrində sözügedən ehtiyat materiallarının quraşdırılması daxildir.
ANS PRESS-in məlumatına görə, boru kəmərlərinin ümumi uzunluğu 780 kilometr, həcmi 443.000 ton, diametri isə müvafiq olaraq 48 və 36 dyum olacaq.
TAP-ın təchizat üzrə direktoru Knut Ştayner Kvindesland deyib ki, TAP bu müqaviləni 6 hissəyə bölüb. Bu səbəbdən bir çox kompaniyaların müqavilədə iştirak etmək hüquqları olacaq. Podratçılarımızdan əsas tələbimiz bizim SƏTƏM qaydalarına əməl etmələridir.
Dənizdə boru kəmərlərinin çəkilişi üzrə tender 2015-ci ilin əvvəlindən etibarən elan ediləcək.
TAP “Şahdəniz” yatağının 2-ci fazasından Azərbaycandan Avropaya təbii qazın nəqli üçün inşa edilməsi nəzərdə tutulan 870 kilometrlik boru xəttidir. TANAP boru kəmərinin davamı olaraq, Türkiyə-Yunanıstan sərhəddinin Kipoi məntəqəsindən başlayaraq, Yunanıstan, Albaniya və Adriatik dənizi boyunca uzanan TAP boru kəməri sonunda İtaliyanın cənub sərhədlərinə çatacaq.
TAP boru kəməri marşrutu boyunca iqtisadi inkişaf və iş yerlərinin yaradılmasını təşviq edəcək. Bu, heç bir qrant və ya subsidiyalardan asılı olmayan və birbaşa xarici investisiyaların hesabına maliyyələşən layihədir. Qazın ilkin satışı 2018-ci ildə Gürcüstan və Türkiyəyə nəzərdə tutulub və bu prosesdən bir il sonra təbii qazın Avropaya satışı mümkün olacaq.
Xatırladaq ki, TAP səhmdarları BP (20%), ARDNŞ (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), E.ON (9%) və “Axpo” (5%) şirkətlərindən ibarətdir.
Mənbə:> ANSPRESS