Çin geniş islahatlar astanasında, Rusiya isə...
Rusiya iqtisadiyyatından fərqli olaraq Çinin qlobal siyasi iddiaları daha realdır.
Bu barədə iqtisadçı ekspert Rəşad Həsənov Axar.az-a açıqlamasında danışıb. Rusiya və Çin iqtisadiyyatının müqayisəli təhlilini aparan iqtisadçı bunun qlobal təsirlərini qeyd edib:
“Müəyyən reformalara gedən Çin iqtisadiyyatı daha çox ixraca yönəlik sürətli böyümə dövrünü yaşayıb. Ancaq daxili istehlak imkanları məhdud olan Çin inkişaf tempini qoruyub saxlamaq məqsədilə istehsal prosesini formalaşdırmalıdır. Bu ölkədə sosial proqramların icrası çox baha başa gəlir. 2015-ci ildə 7 faizlik artım tempi müəyyən problemlərə dair bir mesajdır. Çin iqtisadiyyatındakı sıxıntıların qlobal təsirləri də böyük olacaq. Çindən gələn neqativ mesajlar dünya iqtisadiyyatını, enerji bazarlarını, neftin qiymətini və indeksləri də öz təsiri altına alır. Bunun iki səbəbi var: ixrac yönlü iqtisadiyyat və təkpartiyalı sistemin dünyada baş verən proseslərə həssaslığı. Çinin iqtisadi böyümə ehtiyatları tükənir. Bu o deməkdir ki, yaxın gələcəkdə Çində genişmiqyaslı islahatlar gözlənilir”.
Ekspertin sözlərinə görə, kifayət qədər böyük qeyri-neft ixracına malik Çindən fərqli olaraq Rusiya iqtisadiyyatında vəziyyət tamam fərqlidir:
“Rusiyadan fərqli olaraq Çinin qlobal siyasi iddiaları daha realdır. İnnovasiyaya qapalı Rusiya resurs dövləti statusunu qoruyub saxlayır. Kiçik və orta sahibkarlığın inkişafında əngəllər var, inhisarçılıq meylləri güclənir. Müstəqil məhkəmə sisteminin olmaması xarici investisiyaların məhdud axınının əsas səbəblərindən biridir. Təsadüfi deyil ki, iqtisadiyyata yönəldilən xarici investisiyaların böyük bir qismi mədən sənayesinə, neft sektoruna yönəldilir. Qeyri-neft sektorunda isə daha çox xidmət sferası özünü göstərir. Neftin ucuzlaşması fonunda 2015-ci ildə Rusiya iqtisadiyyatı 4 faizə yaxın kiçilib. Proses 2016-cı ildə də davam edəcək”.
Mənbə:> Axar.az