Azərbaycanda turizm köşkləri yaradılacaq
Azərbaycanın turizm imkanlarının daha geniş şəkildə təbliğ edilməsi və turistlərin cəlb edilməsi məqsədilə bölgələrdə turizm köşkləri yaradılacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
Nazirliyin məlumatında deyilir ki, indiyədək ölkənin turizm məhsullarının, marşrutlarının yaradılması, bu sahədə xidmətlərin göstərilməsi məqsədilə paytaxt Bakıda və regionlarda ümumilikdə 15 Turizm İnformasiya Mərkəzləri yaradılıb.
İndi isə Turizm İnformasiya Mərkəzlərinin işinin təkmilləşdirilməsi, daha çox turistə xidmət göstərməsi və tərəfimizdən aparılan araşdırmalara əsasən bu cür xidmətlərə turistlərin tələbatının artdığını nəzərə alaraq, mərkəzin əsas ofisi saxlanılması şərtilə, turistlərin daha çox olduğu ərazilərdə turizm informasiya köşklərinin quraşdırılmasını nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyi ilk belə bir layihənin Lənkəran İcra Hakimiyyətinin dəstəyi ilə Lənkəran şəhərində həyata keçirməyə hazırlaşır.
Bu layihə uğurla həyata keçirildikdən sonra Azərbaycanın digər turizm bölgələrində turistlərin daha çox səfər etdikləri ərazilərində də Turizm İnformasiya Mərkəzlərinin köşklərinin quraşdırılması davam etdiriləcəkdir.
Qeyd edək ki, bu gün paytaxt Bakıdan savayı ölkənin şəhər və rayonları üzrə ümumilikdə 15 belə mərkəz (Naxçıvan, Xaçmaz, Quba, Şamaxı, Zaqatala, Qəbələ, İsmayıllı, Bərdə, Qusar, Gəncə, Şəki və Lənkəran, Mingəçevir, Şəmkir) fəaliyyət göstərir. Bunlardan Qəbələ, İsmayıllı, Bərdə və Qusar Turizm İnformasiya Mərkəzləri yeni fəaliyyətə başlayıb.
Mənbə:> Oxu.Az