Xəzərin çökən ümidləri – FOTO
Azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus “LUKoil” şirkətinin Qazaxıstanın “Caspian Investments Resources” qrupunda payını satması bu ölkənin şərhçiləri tərəfindən Xəzərdə “böyük neftin sonu” kimi dəyərləndirilib.
ANS PRESS-in məlumatına görə, əslində, “LUKoil”un Çinin “Sinopec” şirkətinə $1,087 mlrd-a satdığı səhmlər elə də böyük neft hasilatını əhatə etmir. “Caspian Investment Resources”un işlətdiyi “Kazaxoyl”, “Karakudumunay”, “Buzaçi opereytinq” və “Arman” yataqlarından ildə 4 mln tona yaxın neft çıxarır. Bunun yalnız 1 milyon tonu “LUKoil”a məxsus idi ki, şirkət həmin neftə olan sahibliyinin 50 faizini Çin şirkətinə satdı.
Çinin “Sinopec” şirkəti ölkəsinə etibarlı neft hasil edir
Qazaxıstanın tanınmış iqtisadçısı Teymur İsayev “LUKoil”un payını yalnız Çin şirkətinin ala biləcəyini vurğulayıb. Hazırda Çin şirkətlərinin Qazaxıstanın neft hasilatında payı 25%-ə çatır. Pekin müxtəlif qazax layihələrindən pay almaqla öz ölkəsinə etibarlı neft bazası təmin etməyə çalışır. Əvvəlcə Çinin CNPC şirkəti Kaşaqanda pay almışdı. İndi isə “Sinopec” quru yataqlarında hasilata şərik olmaq qərarına gəlib.
Teymur İsayev - qazaxıstanlı iqtisadçı
Çin şirkətlərindən fərqli olaraq qərb şirkətləri yalnız böyük gəlirlər barədə düşünürlər. Onlar əsasən Tengiz və Karaçaqanaka yataqlarına meyl edirlər. Vəd edilən gəliri əldə etmədikdə isə Qazaxıstanın Xəzərdəki layihələrini rahatca tərk edirdər. “Kaşaqanda payını satan “ConocoPhillips” də bu addımı atdı və çətin ki, indi buna təəssüf edir",- deyə Teymur İsayev vurğulayır.
Qərb şirkətlərinin Xəzərin Qazaxıstan sektorunu tərk etməsninin də səbəbləri var. 2003-cü ildə Qazaxıstanın təsdiq etdiyi proqrama görə, bu ölkə 2015-ci ildə Kaşaqandan 60 milyon ton neft çıxarmalı idi. Bütünlükdə, Xəzərin qazax şelfində hasilat 100 milyon tona çatmalı idi. 2016-cı ildə isə bu rəqəm 180 milyon tona qalxmalı idi. Həmin plana görə, Qazaxıstan dünyanın ən çox neft istehsal edən 10 ölkəsinin sırasına çıxmalı idi. Halbuki, hazırda illik hasilat 70 milyon tondan çox deyil. Hasilatın belə sürətlə yüksələcəyi da gözlənilmir.
Qazax şairi Kaşaqan Kurcimanulunun anadan olmasının 150 illiyi münasibəti ilə "Kaşaqan" adı verilmiş yatağın taleyi adına uyğun oldu. Adı qazax dilində qaçağan, yəni ələkeçməz mənasını verən yataq cilovlanmadı. Dünyanın ən iri yataqlarından biri olan "Kaşaqan" Astananın ümidlərini doğrultmadı.
Kaşaqan - platforma tökülmüş torpağın üstündə tikilir
Vahid Ələkbərovun Qazaxıstan quru ərazisindən getməsi Xəzər regionu ölkələri, o cümlədən Azərbaycan üçün bir növ həyəcan təbili oldu - neftin qiymətinin aşağı düşməsi fonunda transmilli şirkətilər yalnız iri layihələrə maraq göstərməyə meyllənirlər. Neft hasilatının ildən-ilə azalacağı və 10-15 ildən sonra yalnız ölkənin istehlakı səviyyəsinə düşəcəyi nəzərə alınarsa, rəsmi Bakı diqqətini neftdən çəkməlidir və alternativ sahələrə diqqət yetirməlidir.
Azərbaycan 15 il əvvəlki ucuz neft qiymətləri və yalnız daxili istehlaka yetərli neft hasilatı dövrünə qayıdır. Hakimiyyətdə olanlar və əhali bu gerçəyi anlamalı və kəmərlərini gözlənən bu perspektivə görə dartmalıdırlar. Şah Edip demişkən, hər şey yaxşı olacaq!
Mənbə:> ANSPRESS