İran “O olmasın, bu olsun”u necə oğurladı? – VİDEO
Sosial şəbəkələrdə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası əsasında 1953-cü ildə İranda çəkilmiş film yayımlanıb. “Məşədi İbad” adlı film korifey bəstəkarımız Üzeyir Hacıbəylinin yazdığı “O olmasın, bu olsun” operettası əsasında 1953-cu ildə İranda çəkilib.
Halbuki operetta ilə eyni adı daşıyan film Azərbaycanda 1956-cı ildə işıq üzü görüb. Bəs görəsən, necə olub ki, ssenarisi eyni olan bu film İranda da çəkilib, həm də Azərbaycandan üç il əvvəl.
Bu sualdan əvvəl xüsusilə vurğulanmalıdır ki, burada söhbət sözügedən operettanın hansısa iranlı müəllif tərəfindən yazılmasından deyil, onun müəllifinin Üzeyir Hacıbəyli olduğu halda Azərbaycandan üç il əvvəl İranda çəkilməsindən gedir.
Oxu.Az xəbərinə görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, kino tədqiqatçısı Aydın Kazımzadənin “Xəzər” TV-yə açıqlamasında bildirib ki, bu ssenari elə Azərbaycanda radio tamaşası üçün fars dilinə tərcümə edilib.
Hazır ssenaridən istifadə edən iranlı rejissorlar da belə bir filmi ərsəyə gətiriblər. Amma filmin ssenarisində və musiqilərində təhriflər edilib, peşəkar çəkilməyib və nəticədə, uğursuz olub.
Eyni addımı 1918-ci ildə mənfur düşmənlərimiz olan ermənilər də atıblar və Üzeyir bəyin ssenarisini oğurlayaraq film çəkib, bunu öz adlarına çıxarmağa çalışıblar. Amma onların cəhdi uğursuz olub.
1956-cı ildə Azərbaycanda Üzeyir Hacıbəylinin operettası əsasında çəkilən “O olmasın, bu olsun” filmi bütün dünyaya səs salıb, İran və digər ölkələrdə geniş şəkildə yayımlanıb.
Aydın Kazımzadənin sözlərinə görə, xalqın istəyi ilə bu filmin İranda nümayişi uzadılsa da, sonradan hansısa səbəbdən filmin yayımı qadağan edilib. Amma bütün dünya bu ssenari və filmi Azərbaycan kinosunun incisi kimi tanıyır.
Mənbə:> Oxu.Az