Ağasadıq Gəraybəyli ömrünün son illərini səhnədə necə keçirib?
“İncəsənət qurban tələb edir”.
Bu məşhur deyim incəsənət aləmində və tarixində hər zaman istinad olunan və belə görünür, hələ çox istifadə ediləcək bir deyimdir.
Çünki həqiqətən, bu aləmə - sənət dünyasına atılan bir çox sənətçilərin, sənət fədailərinin həyatı məhz bu deyimə köklənib.
Səhhətlərindən, sağlamlıqlarındam keçən kim, milli-mental-əxlaqi dəyərləri heçə sayan kim, ailələrini, şəxsi həyatlarını sənətə qurban verən kimi, şəxsi səadətlərini yalnız və yalnız sənətdə, səhnədə görən kim…
Belələri minlərlədir, onminlərlədir.Təbii ki, Azərbaycanın sənət, incəsənət xadimləri arasında belə fədailər az deyil və olmayıb.
Düzdür, sənətləri ilə bərabər, ailə həyatlarını qoruyub-saxlamağı, cəmiyyətdə hər iki mənada hörmət-izzət qazanmağı bacaran sənət fədailəri, sənət cəfakeşlərimiz də tarixən az olmayıb, bu gün də var və çox güman ki, sabah da olacaq… Bu, təbiidir, reallıqdır...
Sənət, səhnə üçün doğulmuşlardan biri də məşhur kino və teatr aktyoru Ağasadıq Gərabəylidir.
Gənc yaşlarından sənətə, səhnəyə atılan Ağasadıq Gərabəyli tez bir zamanda özünü həm kino, həm teatr aktyoru kimi tanıda bilir. Onun məşhur “O olmasın, bu olsun” komediyasındakı Rüstəm bəy obrazı, hələ də adı çəkiləndə üzlərdə təbəssüm və xoş gülüş doğuran müftəxor klub müdiri Ağabala (“Bəxtiyar” filminin əsas pesonajlarından biri) obrazı və digər onlarla rolu Azərbaycan tamaşaçılarının hafizəsinə, yaddaşına əbədilik həkk olunub.
Hətta insanlarımız bir-biri ilə zarafatlaşanda, atamacalaşanda Ağabala obrazının dilindən səslənən “Rza kimi qohumun başına daş düşsün” sözünü tez-tez işlədirlər ki, artıq illərdir bu söz dillər əzbəri olub, zərb-məsələ çevrilib…
Bu, aktyor, Ağasadıq Gərabəyli istedadının göstəricisi və bəhrəsidir…Bu, heç də hər sənət xadiminə nəsib-qismət olan xoşbəxtlik deyil…Çox az sənətkar tapılar ki, onun oynadığı obrazda səsləndirdiyi bir kəlam illər, on illər keçsə belə, dillərdən düşməsin…
Elə bu istedadının, fədailiyinin nəticəsidir ki, Gəraybəyli çox erkən yaşlarında, cəmi 43 yaşında (1940-cı ildə) Azərbaycan SSR-nin Xalq artisti fəxri adına layiq görülür…Və bundan sonra, demək olar ki, ömrünün son illərinə 80-ci illərin əvvəllərinə (1987-ci ildə dünyasını dəyişib ki, o zaman da nə az-nə çox düz 91 yaşı olub) qədər sənət yanğısı sönməyib, roldan rola çəkilib, gözəl obrazlar, surətlər yaradıb…
Çox maraqlı və bir qədər də kədərli faktdır ki, bu gözəl sənət fədaisi ömrünün son illərində, səhnə həyatının sonlarında dünya işğına həsrət qalıb, böyük sənətkarın hər iki gözü tutulub…
Amma onda sənət eşqi və səhnə yanğısı o qədər güclü, atəşli olub ki, səhnəyə gözləri görməməyə-görməməyə çıxıb və elə edib ki, heç kim (tamaşaçılar) bunu bilməyib, hiss etməyib…
Hətta, onunla eyni tamaşada rol alan aktyorların bir qismi bundan xəbərsiz olub… Bunun adı isə adsızdır, buna ad- söz tapmaq belə çətindir…
Çünki belə bir yanğı və eşq qarşısında sözlər, kəlmələr yetərsizdir!!!
Mənbə:> Oxu.Az