Səhnəmizin Rüstəm bəyinin 118 yaşı tamam olur – FOTO
Bu gün Azərbaycanın Xalq artisti Ağasadıq Gəraybəylinin dünyaya gəlməsinin 118-ci ildönümüdür. Milli teatrımızın inkişafı yolunda sənət fədailərindən olan, teatrı varlığından artıq sevən, obrazlar qalereyası yaradan Ağasadıq Gəraybəyli 1897-ci il martın 15-də Şamaxıda anadan olub. O yazıçı-dramaturq Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub və dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrənib.
Milli teatrımızın klassiklərindən sayılan Ağasadıq Gəraybəyli 200 müxtəlif rollarda səhnəyə çıxıb. O Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəyovun “Arşın Mal Alan”, Cəfər Cabbarlının “Sevil”, “Od Gəlini” və s. filmlərdə və tamaşalarda obrazlar yaratmaqla adını teatr tarixinə qızıl hərflərlə yazdırıb. 90 il yaşayan Ağasadıq Gəraybəyli ömrünün sonlarının bir hissəsini gözləri kor şəkildə keçirib. Amma oynadığı rollarda bunu tamaşaçılara bildirməyib. Azərbaycan teatır və kino sahəsində unudulmaz iz qoyan Ağasadıq Gəraybəyli bir çox mükafatlara, fəxri adlara, layiq görülüb. Ən böyük sevinci “O Olmasın, Bu Olsun” filmində Rüstəm bəy rolunu oynamaq idi.
Ağasadıq Gəraybəyli təvazökar insan, nümunəvi ailə başçısı idi. 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmış, alqışlarla qarşılanan səhnə xadimlərindən biri olub. Bu gün aktyorun anadan olmasının 118, səhnə fəaliyyətini 86 illiyidir.
Mənbə:> ANSPRESS