“Erməni zindanında səkkiz gün” - FOTO
AzNews.info xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi və Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə çox gənc yaşında müharibənin-erməni terrorunun amansız qəddarlıqlarının canlı şahidi olan, 26 fevral Xocalı faciəsində əsir düşmüş rabitəçi Dürdanə Ağayevanın ağrılı- acılı xatirələrindən bəhs edən “Erməni zindanında səkkiz gün” kitabının növbəti təqdimatı Binəqədi Mərkəzi Mədəniyyət Evində baş tutub.
Kitabı türk dilinə fəlsəfə elmləri doktoru Mais Əlizadə tərcümə edib. Türkiyənin İnsani Yardım Vəqfinin köməyi ilə işıq üzü görən bu nəşrin “Ön söz” müəllifi isə araşdırmaçı-yazar Aqil Ələsgərlidir. 1500 tirajla çap olunan kitabın yaxın gələcəkdə rus, ingilis və fransız dillərinə də tərcümə olunması nəzərdə tutulur.
Kitabin müəllifi, erməni əsirliyində qalmış D.Ağayeva ilə yanaşı təqdimatda Xocalı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi X.Vəliyev, Xocalı Soyqırımı Tanıtım İctimai Birliyi Binəqədi rayon şöbəsinin sədri A.Allahyarqızı, Binəqədi rayon YAP təşkilatının nümayəndələri, çox sayda mədəniyyət işçisi və başqaları iştirak ediblər.
İlk öncə “Biz Xocalını unutmuruq” adlı filmin nümayişi olub. Sonra kitabının müəllifi çıxış edərək Xocalıda yaşananları oxucuları ilə bölüşüb, faciə baş verən günü şahidi olduğu hadisələrdən, kitabda əks olunan əsirlik həyatından danışıb.
Digər natiqlərdə Xocalı soyqırımının dəhşətlərindən söz açıblar və kitab haqqında fikirlərini bölüşüblər. Bildirib ki, xalqımızın başına gətirilən faciələrin şahidi olan və bu ağrı-acıları yaşayan insanların yazdıqları kitabların dünyaya çatdırılmasına hər kəs səy göstərməlidir.
Sonda müəllif D.Ağayeva erməni vəhşiliyinin iç üzünün açılması, dünyaya tanıdılması məqsədilə Azərbaycan xalqının başına gələn faciəni öz timsalında qələmə aldığını, bu nəşrin gələcək nəsillər üçün mənbə ola biləcəyini qeyd edib.
Mənbə:> AzNews.info