Xalça Muzeyində “Xocalı-qan yaddaşımız” adlı sərgi açılıb – FOTO
Fevralın 26-da Azərbaycan Xalça Muzeyində Xocalı soyqırımının 24-cü il dönümünə həsr edilmiş “Xocalı-qan yaddaşımız” mövzusunda tədbir keçirilib.
AzNews.info xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə foyedə muzeyin “Uşaq muzeyi” şöbəsinin rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət “Xocalı-qan yaddaşımız” adlı sərgi ilə tanış olublar.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bədnam erməni vandallarının Xocalıda törətdikləri dəhşətlərdən söz açıb.
Bildirib ki, XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanıb ki, “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır.
Tədbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatı Flora Qasımova, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və başqaları Xocalıda baş verən dəhşətlərdən söz açıblar.
Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub.
Sonra Şuşa rayon mədəniyyət evi tərəfindən hazırlanmış “Əsrin faciəsi” mövzusunda ədəbi-bədii kompozisiya təqdim edilib.
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.
Mənbə:> AzNews.info