Xocalı- qan yaddaşımız » AzNews.info -Xəbər portalı

Xocalı- qan yaddaşımız

Xocalı- qan yaddaşımız


Mədəniyyət və Turizm Nazirliyi təcavüzün daha qlobal miqyasda yayılması, təbliği üçün müxtəlif layihələr, təşəbbüslər reallaşdırır.

AzNews.info xəbər verir ki, 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törətdikləri soyqırımı dünya tarixində insanlıq əleyhinə ən amansız cinayətlərdən biridir. Azərbaycan xalqına qarşı həyata keçirilən bu müdhiş qətliamla bağlı həqiqətlərin dünyaya yayılması, qan yaddaşımızın gələcək nəsillərə çatdırılması istiqamətində ötən müddətdə bir çox işlər görülmüş, müxtəlif dillərdə kitablar, elektron resurslar hazırlanmış, ekran və səhnə əsərləri, təsviri sənət nümunələri ərsəyə gətirilmişdir.

Bu baxımdan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi qeyd olunmalıdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində onlarla ölkədə tədbirlər keçirilmiş, nəşrlər yayılmış, tarixi həqiqətlərin dünyada yayılması sistemli şəkil almışdır.

Prezidenti İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, Qarabağ həqiqətlərinin, Xocalı soyqırımı ilə bağlı gerçəklərin dünyaya çatdırılması üçün müxtəlif təbliğat vasitələrindən geniş şəkildə istifadə olunmalıdır. Hər il olduğu kimi, bu il də respublikamızın mədəniyyət ocaqlarında Xocalı faciəsinin Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı silsilə tədbirlər - dəyirmi masalar, konfranslar, şəhid ailələri və faciənin şahidləri ilə görüşlər, anım mərasimləri təşkil edilir, ədəbi-bədii kompozisiyalar, rəsm sərgiləri, tamaşalar nümayiş olunur.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xalqımızın qan yaddaşının bugünkü və gələcək nəsillərə çatdırılması, Xocalı faciəsi və ümumilikdə Qarabağ münaqişəsi, ölkəmizin məruz qaldığı hərbi təcavüz barədə həqiqətlərin daha qlobal miqyasda yayılması, təbliği üçün müxtəlif layihələr, təşəbbüslər reallaşdırılır. Bu il də bu istiqamətdə işlərin daha effektli həyata keçirilməsi məqsədilə bir sıra tədbirlər hazırlanmışdır.

Tarixi həqiqətlərin geniş kütlələrə çatdırılmasında təsviri sənətin, vizual vasitələrin mühüm rolu var. Fevralın 26-da Azərbaycan Xalça Muzeyində nazirliyin dəstəyi ilə keçiriləcək “Xocalı - qan yaddaşımız” adlı sərgi-tədbir bu məqsədə xidmət edir. Eləcə də soyqırımının 24-cü ildönümü münasibətilə paytaxtdakı “Ana fəryadı” abidə kompleksi ətrafında təşkil olunacaq sərgi həmin gün buraya gələcək minlərlə insana, o cümlədən xarici qonaqlara Xocalı faciəsi barədə həqiqətləri çatdıracaq. Kino təbliğatın ən təsirli vasitələrindəndir. Fevralın 26-da Nizami Kino Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr olunmuş kino axşamı keçiriləcək. Anım mərasimində doğma torpaq uğrunda canını fəda etmiş Vətən oğulları, Milli Qəhrəmanlar haqqında filmlər nümayiş olunacaq.

Tarixi həqiqətlərin dünyaya çatdırılmasının ən mühüm yollarından biri də muzey ekspozisiyalarıdır. Almaniyanın paytaxtı Berlindəki Erkən və Qədim Dövr Tarix Muzeyində dünyanın müxtəlif yerlərinin tarixi irsi ilə yanaşı, Azərbaycanın tunc dövrünü, xüsusilə də Xocalı-Gədəbəy mədəniyyətini əks etdirən eksponatlar var. Ötən il nazirlik tərəfindən bu muzeylə əməkdaşlıq qurulmuş, oradakı eksponatların elmi cəhətdən tədqiq olunması ilə əlaqədar nazirliyin müvafiq əmrinə əsasən elmi tədqiqat komissiyası yaradılaraq Almaniyaya ezam edilmişdir. Bu günlərdə muzeyin nümayəndə heyəti yenidən paytaxtımıza gəlmişdir.

Qonaqlarla nazirlikdə keçirilən görüşdə Xocalı Gədəbəy arxeoloji mədəniyyətinin tədqiqi mövzusuna toxunan nazir Əbülfəs Qarayev ölkəmizin işğal altında olan ərazilərində məhv edilən abidələr barədə qonaqlara məlumat vermiş, nümayəndə heyətinin səfərinin məhz Xocalı soyqırımının ildönümü ərəfəsinə təsadüf etdiyini qeyd etmişdir. Xocalı Gədəbəy arxeoloji mədəniyyəti coğrafiyasının bir hissəsinin Ermənistan tərəfindən işğal edilmiş əraziləri əhatə etdiyindən tədqiqat işlərinin aparılmasına müəyyən çətinliyin olacağı bildirilmişdir.

Eramızdan əvvəl XIV-XIII əsrlərdən VII əsrə qədər olan dövrü əhatə edən Xocalı-Gədəbəy mədəniyyəti tarixi-mədəni irs baxımdan qədim dünya tarixinin ən zəngin səhifələrindən biridir. Xocalı-Gədəbəy mədəniyyəti dövrü abidələri Qarabağda, Azərbaycanın digər bölgələrində, eləcə də Şərqi Gürcüstanda, Qərbi Azərbaycan torpaqlarında (indiki Ermənistan ərazisi) aşkar olunub. Bu zəngin tarixi irsin, arxeoloji abidələrin, nekropolların böyük hissəsi isə bu gün Ermənistanın işğalı altında olan Xocalıda, Ağdamda, Qarabağın digər yerlərindədir. Xocalı soyqırımın ildönümü ərəfəsində bu qədim tarixin nümunələrinin saxlanıldığı Berlin muzeyinin nümayəndə heyətinin ölkəmizdə olması əlamətdar hadisədir. Ümidvarıq ki, nüfuzlu muzeylə bu istiqamətdə davam etdirəcəyimiz əməkdaşlıq Azərbaycanın qədim yaşayış məskəni, qədim dünya tarixinin dəyərli səhifələrini yaşadan Xocalı haqqında həqiqətlərin Avropa və dünya miqyasında yayılmasına daha bir töhfə olacaqdır.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *