Milli Qəhrəmanlara həsr edilən filmlər orta məktəbdə nümayiş olunur
Fevralın 24-dən 26-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Sabunçu rayonundakı 113 saylı orta məktəbdə Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı “Salnamə” sənədli filmlər studiyasında lentə alınan, Milli Qəhrəmanlarımıza həsr edilən “Vətənim mənim” və “Şirin Mirzəyev” adlı ekran əsərlərinin nümayişi təşkil olunub.
AzNews.info xəbər verir ki, filmlərin nümayişində məqsəd xalqımızın qan yaddaşının bugünkü və gələcək nəsillərə çatdırılması, Xocalı faciəsi və ümumilikdə Qarabağ münaqişəsi, ölkəmizin məruz qaldığı hərbi təcavüz barədə həqiqətlərin təbliğ olunmasıdır. Məktəbin direktoru Rövşən Qasımov və tarix müəllimi Sücaət Babayeva çıxış edərək yaradılan şəraitə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, 20 Yanvar ərəfəsində keçirilən görüşün davamı olaraq təşkil edilən nümayiş eyni zamanda məktəbin arxivində Milli Qəhrəmanlara həsr edilən filmlər güşəsinin yaradılmasına səbəb olub.
Daha sonra şagirdlərə erməni vandallarının Xocalıda törədiyi soyqırımı haqqında məlumat verilib. Bildirilib ki, 1992-ci il fevralın 26-da erməni terror təşkilatlarının və rus ordusunun 366-cı alayının hücumu ilə Xocalı əhalisinə qarşı törədilən soyqırımı Xatın, Lidise kimi bəşəri müsibətlərlə müqayisə olunur.
Vurğulanıb ki, məktəblərdə Milli Qəhrəmanlara həsr edilən sənədli filmlərin nümayiş olunması yeniyetmələrdə vətənpərvərlik ruhunun daha da güclənməsinə xidmət edir.
Qeyd edək ki, yuxarı sinif şagirlərinə təqdim edilən “Vətənim mənim” filmi Milli Qəhrəman Koroğlu Rəhimovun Qarabağ döyüşlərində göstərdiyi qəhrəmanlıqdan bəhs edir. Ssenari müəllifi Rəfiqə Məsud, rejissoru Kəmalə Musayeva, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Kamil Məmmədovdur.
“Şirin Mirzəyev” sənədli filmi isə Milli Qəhrəman Şirin Mirzəyevin Qarabağ savaşındakı döyüş yoluna həsr olunub. Filmin ssenari müəllifi Feyruz Mirzəyev, rejissoru Vüsalə Mirzəyeva, icraçı prodüser Kamil Məmmədov, operatoru Elşən Əliyevdir.
Sonda şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.
Mənbə:> AzNews.info