“Qara Bağ” filmi ekranlarda – FOTO
Nizami Kino Mərkəzində Şuşanın işğalının ildönümü günü “Qara Bağ” və "İnikas" qısametrajlı filmlərinin nümayişi keçiriləcək.
ANS PRESS xəbər verir ki, hər iki ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetini bitirmiş, gənc və yetənəkli rejissorlar Ayşad Səfərəliyev və Amil Məmiyevin yaradıcılıq işidir.
Nazirliyin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Qara Bağ” bədii filminin ssenari müəllifi və rejissoru Amil Məmiyevdir.
Dram janrında olan bu qısametrajlı film, məcburi köçkünlərin hal-hazırkı yaşayış tərzini, içlərində çəkdiyləri Qarabağ həsrətini bir sıra metaforik simvollarla göstərir. Çəkilişlər, Bakı şəhərində və Hacıqabul rayonunun Qızıl Burun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb.
Rolları Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfərov, Ayşad Məmmədov, Məzahir Həşimov, Svetlana Əliyeva, Səbinə Məmmədzadə və Soltan Əhməd canlandırıblar.
Ssenari müəllifi və rejissor Ayşad Səfərəliyevin “İnikas” filmi də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib.
Bu film IV “Qırğızıstan – qısametrajlı filmlər ölkəsi” Beynəlxalq film festivalında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.
Ekran əsəri SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda onu nə gözlədiyini hələ bilmir.
Filmdə rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova və başqa aktyorlar ifa ediblər. Mayın 8-də saat 19:00-da filmin nümayişindən əvvəl rejissorlar Ayşad Səfərəliyev və Amil Məmiyev jurnalist və tamaşaçılara filmlər haqqında fikirlərini bölüşəcəklər.
Mənbə:> ANSPRESS