Lənkəran Dövlət Dram Teatrında yeni uşaq tamaşasının premyerası olub
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı Xanım Həsənovanın “Tülkü, Tülkü, Tünbəki” adlı musiqili-nəğməli nağıl – pyesinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. Alleqorik səpkidə qurulan bu səhnə əsərinin mövzusu cəmiyyətdə sülhün, dostluq və mehribançılığın təbliğinə həsr olunub. Yaradıcı kollektiv personajların dili ilə cəmiyyətdəki nöqsanları qamçılayır, qəddarlığı, rəziləti pisləyir, insanları sevib-sevilməyə, xoşbəxt yaşamağa səsləyir.
AzNews.info xəbər verir ki, tamaşanın sujet xəttindən də aydın olduğu kimi, meşədə bütün heyvanlar dostluq şəraitində yaşamağa qərar verirlər. Amma Tülkü ilə Çaqqal bu dostluqdan, mehribançılıqdan xoşhal deyillər. Onlar bu mehribançılığı pozmaqla meşədəki sakitliyə son qoymağır, meşə sakinləri arasında nifaq toxumu səpməyi qarşılarına məqsəd qoyurlar. Lakin onların bu niyyəti ürəklərində qalır. Məsələdən xəbər tutan meşə sakinləri Tülkü ilə Çaqqalı cəzalandırır, nəticədə yenidən mehribançılıq, dostluq və sülh bərqərar olur.
Uşaqların böyük maraqla izlədikləri tamaşanın quruluşçu rejissoru Tərlan Abdullayev, rəssamı Tərlan Sadıqov, musiqi tərtibaçısı Fərahim Fərəcovdur. Rolları aktyorlardan Hikmət Cəfərov, Sayad Əliyev, Emin Fərzullayev, Şəbnəm Hüseynova, Emil Rzayev və “Ümid” teatr studiyasının üzvləri ifa edirlər.
Mənbə:> AzNews.info