Terror cüməsi- məscid partladıldı, baş kəsildi ( 18+) – FOTO
Ötən gün tarixə “Terror cüməsi” kimi düşə bilər.
ANS PRESS-in məlumatına görə, demək olar ki, eyni vaxtda Suriya, Tunis, Küveyt və Fransada rezonans doğuracaq terror aktları törədilib.
Bu dəfə də yüzlərlə dinc sakin terrorun qurbanı olub.
İlk öncə silahlılar Tunisin Sus kurortunda yerləşən beş ulduzlu otellərin önündəki çimərlikləri katerlərdən atəşə tutaraq onlarla turisti öldürüblər. Daha sonra Küveytdəki şiə məscidində intiharçı-terrorçu partladıcı cihazı işə salaraq ən azı 24 nəfərin ölümünə səbəb olub. Daha 30 nəfər yaralanıb. Hər iki terrorun məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.
İŞİD bundan əlavə Suriyanın Kobani şəhərinə hücum edərək 120 nəfərin canına qıydığını elan edib. Suriya İnsan Haqları Müşahidə təşkilatından bildirilib ki, İŞİD şəhərə daxil olandan sonra “hərəkət edən hər şeyə atəş açıb”. Evlərində və şəhərin küçələrində tapılmış cəsədlərin arasında qadın və uşaq cəsədləri də var.
BMT isə bölgə ilə bağlı daha dəhşətli rəqəmlər açıqlayıb. Təşkilatın bildirdiyinə görə İŞİD-in Suriyanın şimal-şərqində yerləşən Hassake şəhərinə hücumu nəticəsində 60 000 insan didərgin düşüb. Cümə günü təxminən 50 000 insan Hassake şəhərində digər İŞİD hücumu nəticəsində evlərindən didərgin düşüb. Digər 10 000 insanın isə şimala, Türkiyə ilə sərhədə doğru köçdüyü bildirilir. Məlumatlarda deyilir ki, bəzi İŞİD döyüşçülərinin geri qayıtmış qaçqınların arasında gizlənmə və kürd döyüşçüləri kimi maskalanma ehtimalı da var. Bu təqdirdə yeni kütləvi qırğın olması ehtimalı var.
BMT-nın bildirdiyinə görə, Suriyada son dörd ildə baş vermiş münaqişədə 200 000-dən çox insan həyatını itirib və 11 milyon insan evlərini tərk etməli olub.
Fransanın cənub şərqində Sen-Kentan-Favalye şəhərciyində isə iki terrorçu yerli kimyəvi zavoda hücum edib və şirkətin darvazasına İŞİD bayrağı ilə birgə öldürdükləri nəqliyyat şirkətinin menecerinin başını mismarlayıblar. 30 yaşı olan şübhəlilərdən biri həbs edilib. Fransa prezidenti Fransua Ollandın bildirdiyinə görə terrorçuların məqsədi zavodu partladaraq insanları kimyəvi zəhərlənməyə düçar etmək olub.
Təəsüf ki, bir gündə bu qədər mülki əhalinin öldüyü bir vaxtda insanlıq "terror parazitinə" qarşı hələ də effektli vasitə tapıb işləyə bilmir.
Mənbə:> ANSPRESS