Oliqarxların bankdan götürdüyü milyonlar hara xərclənirmiş?
Oliqarxların son həbsi də göstərdi ki, bu günə qədər Azərbaycanda iri biznesmenlərə ayrılan vəsaitlər sadə dillə desək havaya sovrulub. Beynəlxalq Bankdan götürülən milyonlarla manat kreditlər heç bir istehsal müəssisəsinin yaradılmasına, sənayenin müxtəlif sahələrinə və ya əlavə dəyər yaradacaq hər hansı bir sahəyə xərclənməyib. Əksinə, məmur övladlarının əyləncələrinə, bahalı avtomobillərinə sərf olunub.
Azərbaycanda istənilən sahədə daxili istehsalın əhalinin gündəlik tələbatını ödəməməsi, ixracdan bu dərəcədə asılılıq məhz bu neqativ halların nəticəsidir.
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bankların külli miqdarda vəsaiti heç bir təminat olmadan verməsi bu sistemə qeyri-leqal təsirlərin olduğunu sübut edir: “Azərbaycanda son dövrlərdə dövlət büdcəsindən ayrılan yatırımların böyük əksəriyyəti əlavə dəyər yaratmayan investisiyalardır. Həm dövlət investisiyaları, həm də kommersiya qurumlarına ayrılan pullar son hadisələrdən göründüyü kimi, əlavə dəyər yaratmayan sahələrə xərclənir. Bu, Azərbaycanda ümumi iqtisadi modelin düzgün qurulmadığına dəlalət edir. Banklardan böyük məbləğdə kredit götürmək risk menecment sahəsinin də zəif inkişaf etdiyini göstərir. Ya bankların risk menecmenti zəif olub, ya da banklar xüsusi tapşırıqlarla, qeyri-leqal sxemlər vasitəsilə bu kreditləri veriblər. Bank sistemində buna “şapka” deyirlər. Yəni bunlar qeyri-qanuni yollarla əldə edilmiş kreditlərdir. Hər bir bank böyük məbləğdə kredit verərkən, mütləq həmin vəsaitin hansı layihələrə xərclənəcəyini, həmin layihələrin gəlirli olub-olmamasını, verilmiş kreditlərin geri qaytarılmasının nə qədər real olmasını hesablamalıdırlar və müəyyən girovun müqabilində bu kreditləri verməlidirlər. Görünən odur ki, Beynəlxalq Bankdan ayrılmış kreditlər sadəcə, hər hansı tapşırıqla verilib. Vəsaitlərin geri qaytarılması ilə bağlı heç bir təminat nəzərə alınmayıb”.
N.Cəfərlinin sözlərinə görə, son proseslər Azərbaycan iqtisadiyyatının bu vəziyyətdə olmasının səbəbləri ilə bağlı çox ağrılı faktları üzə çıxartdı: “Mən tam əminəm ki, digər qurumlarda da araşdırmalar aparılsa, bundan da dəhşətli faktlar ortaya çıxacaq. Azərbaycanda neft pullarının axdığı bir vaxtda sənaye müəssisələrinin qurulmasına, istehsala yönəlmiş investisiyalar çox az olub və biz indi bunun mənfi nəticələri ilə üz-üzəyik. Devalvasiya və neftin qiymətinin ucuzlaşması zamanı o vaxt buraxılan səhvlərin acısını çəkməyə məcburuq. Çünki, indi investisiyalar azalacaq, büdcədəki investisiya layihələri təxirə salınacaq. Bizi daha çətin bir dövr gözləyir. Zamanında investisiyalar gəlir gətirən sahələrə yönəlmiş olsaydı, indi bu dönəmi daha ağrısız keçirə bilərdik”.
Ekspertin fikrincə, mənimsənilən vəsaitlərin geri qaytarılması da şübhə altındadır: “Çünki, buna heç bir təminat yoxdur. Bu şəxslərin bizneslərinin ümumi dəyəri götürdükləri kreditin həcmindən 4-5 dəfə azdır. Bunlar hansı yolla həmin kreditləri qaytaracaqlar. Bir insanın biznesinin ümumi dövriyyəsi 4 milyon manatdırsa, ona necə 300 milyon manat vermək olar, bunu hansı məntiqlə edirlər? Düşünürəm ki, verilən vəsaitlərin çox az bir hissəsinin bu həbslər vasitəsilə geri dönüşü təmin oluna bilər. Böyük bir hissəsi isə uzun müddət araşdırmaların və məhkəmə çəkişmələrinin mövzusu olacaq”.
Mənbə:> Musavat.com