Banklar niyə qan içir?
"Azərbaycanda verilən kreditlər istehsalı dəstəkləməyə qadir deyil".
Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində iqtisadçı ekspert Samir Əliyev deyir. Onun sözlərinə görə, ölkə banklarının ən populyar məhsulu olan istehlak kreditləri üzrə illik dərəcələr 20 faizdən yüksəkdir: "Bəzən 36 faizə, bank olmayan təşkilatlarda isə 40 faizə qədər çatır. Digər kreditlər isə 16-17 faiz arasında dəyişir. Bu, istehsalı dəstəkləyə bilmiz. Bizim araşdırmalarımıza görə, istehsal üçün kredit dərəcələri 10 faizi keçməli deyil. 8-9 faiz ətrafında olması daha yaxşı olar", - deyə iqtisadçı ekspert fikrini əsaslandırır.
İqtisadçı ekspertin fikirləri prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışının bir sıra müddəları ilə səsləşir. Dövlətin bank sektorunun formalaşmasında çox böyük rol oynamasını, onları maliyyə resursları ilə təmin edib, onlar üçün qazanc mənbəyi yaratdığını bildirən ölkə başçısı bankların ümidləri doğrultmadığını bildirib: "Üstünlük istehlak kreditlərinə yox, real sektora verilməlidir. Bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir",- deyə İlham Əliyev bir növ bank sektoruna xəbərdarlıq edib.
Əvvəllər bu cür xəbərdarlıqlar Azərbaycan Mərkəzi Bankından (AMB) da edilib. AMB də kommersiya banklarının istehlak kreditlərinə artan iştahını cilovlamağa çalışırdı, avtomobil kreditlərinə, ümumiyyətlə digər istehlak kreditləri üçün şərtləri sərtləşdirməklə bu bank məhsulunun payını azaltmağa çalışırdı. Amma son illərin dinamikası göstərir ki, AMB-nin bu səyləri o qədər də nəticə verməyib. Əgər bir neçə il qabaq ümumi kredit səbətində istehlak kreditlərinin payı 26-27 faiz ətrafında dəyişirdisə, keçən il 37-38 faizə qalxmışdı. Hazırda isə 41 faiz ətrafında dəyişir.
Nəticədə, istehsal sektorunun kreditlərə olan tələbatı ödənməmiş qalır. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ölkənin kreditə olan tələbatını tam dəyərlənidrə bilmir. SKMF fəaliyyət göstərdiyi dövrdə 1,7 milyard manat kredit verib. Azərbaycanın kreditə olan tələbi ÜDM-in 25-30 faizi səviyyəsində götürülür, yəni təxminən 17 milyard manat təşkil edir.
Samir Əliyevin fikrincə, Azərbaycanın əsas banklarının biznes kreditləri verməyə imkanı yoxdur. "Biznes kreditləşdirilməsi üçün çox böyük vəsaitlər lazımdır. İstehlak kreditləri üçün uzağı 5 min manat yetərlidirsə, biznes kreditləri üçün lazım olan vəsaitlər bir neçə yüz min manatdan bir neçə milyon manata qədər dəyişir. Bankların kütləvi şəkildə bu vəsaitləri verməyə imkanı yoxdur",- deyə iqtisadçı ekspert vurğulayır.
Onun fikrincə, Azərbaycanın kommersiya bankları ucuz resurslar tapa bilmədiklərinə görə faiz dərəcəsi aşağı, müddəti uzun olan bu kreditləri verə bilmirlər: "Kommersiya banklarında kredit dərəcələrinin yüksək olmasının səbəbləri var. Əsas səbəb bankların cəlb etdiyi resursların dərəcəsinin yüksək olması ilə bağlıdır. Bankların əsas kredit mənbəyi fiziki şəxslərin depozitləri, yəni əhalinin əmanətləridir. Depozitlərin dərəcəsi yüksək olması kredit dərəcələrini də yüksək edir".
Qeyd edək ki, hazırda banklar əmanətləri əsasən 9 faizlə götürürlər, çünki Əmanətlərin Sığortalanması Fondu məhz bu cür depozitlərə zəmanət verir. Bəzi banklar isə daha çox vəsait cəlb etmək üçün müştəriləri aldadaraq 10-15 faizlə də depozit qəbul edir. Təbii ki, belə yüksək dərəcə ilə əmanət götürmüş bank 8-9 faizlə kredit verə bilməz.
Samir Əliyev bankların istehsal sektoruna verilən kreditlərdən qaçmasının ümumi iqtisadi durumla bağlı səbəblərinin olduğunu da deyir: "Gömrükdə, məhkəmə sistemində olan problemlər, girov mexanizmi ilə bağlı problemlər və s. bank sektorundakı riskləri artırır və nəticədə, banklar aşağı faizlə kredit verməkdə maraqlı olmurlar".
Bütün bunlarla yanaşı, iqtisadçı ekspert istehlak kreditlərini Azərbaycanda yerli istehsalın dəstəklənməsinə yönəltməyin mümkün olmasını düşünür. "Əslində istehlak kreditləşməsinin ziyanı yoxdur. Əhalinin rifahının yaxşılaşdırılmasına, ticarətin çiçəklənməsinə və leqallıq dərəcəsinin yüksəlməsinə imkan verir. Amma problem ondadır ki, istehlak kreditləri bizdə yalnız xarici ticarəti çiçəkləndirir. Rusiyada, Avropa dövlərində və s. sənayecə inkişaf etmiş digər ölkələrdə istehlak kreditləri dolayısı ilə yerli istehsalı dəstəkləyir", - deyə bildirən Samir Əliyev istehlak kreditlərinin yalnız yerli istehsala şamil edilməsinin vacibliyini vurğulayır .
Onun sözlərinə görə, hazırda elektron mallar, kompüter və mebel istehsalında fəaliyyət göstərən bəzi yerli şirkətlər istehlak kreditlərindən geniş yararlanırlar. "Geyim sektorunda, məişət texnikası istehsalında, avtomobil sənayesində və s. sahələrdə də yerli brendləri inkişaf etdirmək lazımdır ki, əhalinin alışdığı və həvəslə üz tutduğu istehlak kreditləri digər iqtisadiyyat sahələrinin də inkişafına imkan versin", - deyə iqtisadçı ekspert vurğulayır.
Mənbə:> ANSPRESS