Kredit borcu olan partiya sədrləri
Son bir həftədə ölkədə çoxlu sayda iş adamının həbsi, saxlanması baş verdi. Məlum oldu ki, həmin şəxslər milyon manatlarla məbləğdə kreditlər götürüblər və geri qaytarmayıblar. Azərbaycanda kasıb əhalinin də böyük əksəriyyətinin banklara kredit borcu olduğu sirr deyil. Onların sırasında siyasi partiyaların rəhbərləri də var. Araşdırmamız zamanı bəlli oldu ki, bankdan kredit götürən tanınmış siyasi partiya sədrləri də yox deyil.
KXCP sədri Mirmahmud Mirəlioğlu kredit borcunun olduğunu bildirdi: “Mənim əvvəllər də kreditim olub, indi də var. İnşallah, bağlamaq üzrəyəm. Allah qoysa vəziyyətdən çıxaram. Mən inanmıram ki, buna görə məni həbs gözləsin.
Kredit borcuna görə həbslərə münasibətimə gəlincə, əgər kimlərinsə həbsi qanunsuzdursa, biz hüququ pozulan insanın hüququnu qorumalıyıq. Ancaq bu kredit məsələsi ilə bağlı həbslər bir az fərqlidir. Məlumdur ki, Azərbaycanda heç də hər iş adamı, fermer bankdan kredit ala bilmir. Yalnız xüsusi adamlar yüz milyonlarla manat kredit ala bilirlər. Hakimiyyət özü bilər öz adamlarına pul veriblər, indi də öz adamlarını həbs edir. Lazım olanda ona kredit verir, lazım olanda həbs edir, lazım olanda əfv edir. Ona görə də bu məsələlər hakimiyyətin daxili işi olduğu üçün buna hansısa şəkildə qarışmaq da nəticə vermir. Azərbaycan reallığıdır".
AXP sədri Pənah Hüseyn isə bildirdi ki, ona kredit verən olmadığı üçün kredit borcu da yoxdur: “Şəxsən bir neçə il öncə mənə 5 min manat təcili lazım oldu və kredit götürmək istədim. Üç banka müraciət elədim. Həmin bankların rəhbərliyini tanıyan dostlara da müraciət elədim. Xahişlərə baxmayaraq banklar mənə 5 min manat krediti vermədilər. Bizə kredit verən var ki, kredit borcumuz da olsun? Onu da deyim ki, həmin saxlanılan iş adamları adlanan şəxslərə verilən kreditlərlə sadə kasıb vətəndaşların hansısa əşyanı almaq üçün götürdüyü az məbləğdə kreditləri qətiyyən eyniləşdirmək olmaz. Hamıya aydındır ki, yüksək səviyyədə göstərişlər olmadan, təminatlar olmadan heç bir bank milyonlarla manat krediti bu adamlara verməzdi. Beynəlxalq Bankda olan vəsaitlər dövlətin vəsaitləridir. Belə çıxır ki, bir qrup insan dövlətin yüz milyonlarla manat vəsaitini kredit şəklində mənimsəyib və buna şərait yaradılıb. Bu qədər böyük hadisə baş verib Cahangir Hacıyev görünmür. Bu isə ortaya bir sıra suallar çıxarır. Dövlətin yüz milyonlarla manatının taleyi necə olacaq buna bir cavab verən olmalıdır”.
ADP sədri Sərdar Cəlaloğlu isə banka 20 min dollar borcunun olduğunu bildirdi: “Beynəlxalq Banka 20 min kredit borcum var. Ödəmək problemdir, ona görə də iki ildən artıqdır ki, ödəyib qurtara bilmirəm. Mən ödəməkdən imtina etmirəm. Depozit müqabilində götürmüşəm deyə mənə təhlükə olduğunu düşünmürəm”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirdi ki, banklardan birinə kredit borcu var:“Yaxınlarımdan biri bizneslə məşğuldur. Müəllimlikdən aldığım maaşa müvafiq o qədər də böyük olmayan məbləğdə onun üçün borclanmışam. Həmin şəxs vaxtlı-vaxtında da borcunu ödəyir”.
Mənbə:> Yeni Müsavat