Cinsi azlıq olan əmisini öldürmək istədi - 1 nəfər öldü, 2 nəfər yaralandı
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, əvvəllər Cinayət Məcəlləsinin 223-cü maddəsi ilə təqsirləndirilərək 4 il müddətinə azadlıqdan məhrum edilən İsmayıl Cəbrayılova prokuror 20 il cəza istəyib.
Məhkəmə prosesi mayın 14-ü davam etdiriləcək.
Prokuror bildirib ki, İsmayıl Cəbrayılov 23 iyul, 2014-cü ildə axşam saatlarında cinsi azlığın nümayəndəsi olduğunu bildiyi əmisi Eyvaz Cəbrayılovun qonşuluqda yaşayan iki nəfərlə nalayiq sözlər işlədərək səs-küy saldıqlarını eşidib.
Onların əxlaqsızlıq etdiklərini düşünən İ.Cəbrayılov əsəbi halda əmisigilin həyətinə keçərək onunla mübahisə etməyə başlayıb. Sərxoş əminin kobud cavab verməsi qardaşı oğlunu daha da əsəbiləşdirib. O, cibindən çıxardığı bıçaqla Eyvaz Cəbrayılova və onun yanındakı şəxslərə - Emil İsayev və Elşən Əhmədova zərbələr endirib. Elşən Əhmədov aldığı xəsarətlərdən hadisə yerində keçinib, digər iki nəfər isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıldıqlarından onların həyatını xilas etmək mümkün olub.
İ.Cəbrayılovun özü ilə yanaşı həm də əmiləri Eyvaz, Ceyhun və Zeydulla Cəbrayılovlar məhkumluq həyatı yaşayıblar.
Bundan öncəki məhkəmə prosesində ifadə verən. İ.Cəbrayılov bildirib ki, əmisinin cinsi azlıq nümayəndəsi olduğunu biləndən sonra onunla küsülü olub, danışdırmayıb: “Bu barədə hələ 2012-ci ildə onun özünə də dedim, amma boynuna almamışdı. O vaxtdan onunla danışmırdım. Hadisə baş verən gün evdən həyətə çıxanda mərhum əmim Zeydullanın bağında Eyvazın kimlərəsə bərkdən nalayiq sözlər söydüyünü, səs-küy saldığını eşitdim, əsəbiləşdim. Çünki evdə anam, bacılarım, gəlinlərimiz ola-ola əmimin bağda belə hərəkətlər etməsi mənə pis təsir etdi. Əmimin həmin adamlarla əxlaqsızlıqla məşğul olduğunu düşündüm. Əlimdəki alışqanın işığını yandırıb ara yolla bağa gəldim, ondan niyə belə hərəkətlərə yol verdiyini soruşdum və bağdan çıxmasını tələb etdim.
Əmim məni söyməyə başladıqda daha da qəzəbləndim. Bu biabırçılıqdan həm canımızı qurtarmağı, həm də nəslimizin adına vurulan ləkəni təmizləmək üçün bıçaqla əmimin qarnından və sinəsindən zərbələr endirdim. Aşağı əyiləndə belindən də vurdum ki, birdəfəlik ölsün, canımız qurtarsın.
Mən əmimlə mübahisə edən zaman qonşuluqda yaşayan Elşən və Emil də bağdan çıxdılar və məni tutmağa çalışdılar. Bıçaqla onlara zərbə atıb-atmadığım yadımda deyil, baş verənlərdən beynim dumanlanmışdı. Hadisə vaxtı yanımda kimlərin olduğunu xatırlamıram. O yadımadır ki, maşına əyləşib Xaçmaz şəhərinə doğru getdim. Yolda Taleh adlı tanışımı görüb maşını saxladım. Hadisənin təsirindən pis vəziyyətə düşmüşdüm. Ondan sükan arxasına keçməyi xahiş etdim, qəza törədəcəyimdən qorxurdum. Yolda Taleh əlimin yaralandığını görüb nə baş verdiyini soruşanda əmimi bıçaqladığımı, onun ölməli adam olduğunu dedim. Maşınla Biləcəriyə, kirayə qaldığım evə gəldim. Sonradan Elşənin öldüyünü eşitdim. Nə Elşəni, nə də Emili vurmağım yadıma gəlmir. Onları mən vurmamışam”.
Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olmadığını deyib: “Eyvaz kimi əxlaqsız adamları yalnız öldürməklə onların hərəkətlərinə son qoymaq olar. Belə insanlar cəmiyyət üçün virusdur, mikrobdur. Emilə və Elşənə gəlincə isə bu cür əxlaqsızla oturub-durduqlarına görə başlarına bu cür hadisə gəlməsinin günahı özlərindədir. Məni bu hadisəni törətməyə heç kim vadar etməyib. Əmimi öldürmək istəmişəm. Əməlimdən də peşman deyiləm. Amma Emillə Elşəni kimin vurduğunu bilmirəm”.
Mənbə:> AZXEBER.COM