Boşanmış bacısının əlindən tutan oğlanı qətlə yetirdi
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Hacıyev Hacıbaba Rəhim oğlunun məhkəmə prosesi keçirilir.
AzNews.info xəbər verir ki, Virtualaz.org saytının məhkəmə iclasında iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Eynulla Vəliyev sədrlik edir.
İttihama görə, Hacıbaba Hacıyev 24 fevral 2014-cü il tarixdə Bakı şəhəri 18 saylı Peşə məktəbində təhsil alan bacısı Reyhan Hacıyevanı evə aparmaq üçün “Azadlıq” metrostansiyasının qarşısına gələrkən onun tanımadığı, sonradan adını bildiyi Pərviz Abdullayevlə əl-ələ tutduğunu görüb.
Pərvizdən bacısını haradan tanıdığını soruşduqda o, Reyhanla bir qrupda oxuduğunu, evlənmək istədiyini və fikrinin ciddi olduğunu açıqlayıb. Amma H.Hacıyev Pərvizin dediklərinə inanmayıb. Çünki bacısının ərindən boşanması və yaşca Pərvizdən böyük olması, bu münasibətin qeyri-səmimi olması ilə bağlı onda şübhə yaradıb. Odur ki, Pərvizin telefon nömrəsini alaraq iki saatdan sonra ailə üzvlərindən biri ilə görüşə gəlməsini tələb edib.
Təxminən saat 17:00 radələrində Pərvizə zəng vurub harada görüşə biləcəkləri ilə maraqlandıqda Pərviz ona böyüklərindən heç kimlə gələ bilməyəcəyini deyib. Bir daha bacısına qarşı ciddi niyyətdə olmadığını yəqin edən H.Hacıyev onu öldürmək qərarına gəlib.
Bu məqsədlə yaşadığı evdən bıçaq götürərək Nəsimi rayonu, Cavadxan küçəsi, 38 saylı binanın qarşısına gəlib. Pərvizin görüşə valideynsiz gəldiyini görərək bıçaqla ona zərbələr endirib. Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib.
Törətdiyi cinayət əməlinə görə H.Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən H.Hacıyev ona elan olunmuş ittihamla özünü təqsirli bildi:”Bacımı dərsdən evə həmişə atam aparıb-gətirirdi. Atam Qubaya getdiyinə görə həmin gün Reyhanı dərsə mən apardım. Dərsdən gətirməyə gedəndə bacımı bir oğlanla əl-ələ görəndə gözlərimə inanmadım. Həmişə ona demişdim ki, heç kimə inanma.
Yaxınlaşdım, oğlanın qolundan tutub kənara çəkdim, kim olduğunu soruşdum. Dedi ki, ciddiyəm, bacınla evlənmək istəyirəm, bu barədə ailə üzvlərimə də demişəm. Sonra əvvəllər dayısı qızı ilə nişanlı olduğunu, amma nişanı qaytardığını bildirdi. Onun bacıma pis niyyətlə yaxınlaşmasından, Reyhanı aldada biləcəyindən şübhələnirdim. Bu səbəbdən “əgər doğurdan da ciddisənsə, iki saatdan sonra valideynlərindən birini götür gəl” gədim və Reyhanı götürüb getdim.
Yolda bacıma dedim ki, öz dayısı qızına yaxın durmayan sənə necə sahib çıxacaq? İki saatdan sonra Pərvizlə əlaqə saxlayıb harada olduğunu soruşdum. O, telefonda ailə üzvlərindən heç kimlə gələ bilməyəcəyini dedi. Pərvizin bacımla gün keçirmək istədiyini, onunla evlənmək niyyətində olmadığını yəqin edib cəzalandırmaq qərarına gəldim. Amma tək gəlməsini istəmirdim, əlimdən bir xəta çıxacağından qorxurdum.
Üç-dörd dəfə telefonla əlaqə saxladım, harada olduğunu soruşdum. Danışığından hiss elədim ki, mənimlə görüşdən yayınmağa çalışır. “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı qəzet köşkünün yanında onunla görüşdüm. Niyə tək gəldiyini soruşdum. Çayxanada oturub söhbət etməyi təklif edəndə əsəbləşdim. “Əgər bacıma qarşı ciddi idinsə, onunla əl-ələ gəzməməli idin, elçi göndərib xeyir-dua almalıydın” dedim.
Pərvizsə söhbətdən yayınır, məndən can qurtarmaq istəyir, Reyhana qarşı ciddi olduğuna inandırmağa çalışırdı. Söhbət əsnasında əslində Pərvizin bacımla gün keçirdiyini, onunla evlənmək istəmədiyi qənaətinə gəldim. Onun söhbəti və hərəkətləri məni özümdən çıxartdığndan bıçaqla qarnına zərbələr endirdim. Əlimdən çıxıb təxminən yüz metr məsafəyə kimi qaçdı, sonra yerə yıxıldı. Köynəyinin ürək hissəsi qan idi. Ona yaxınlaşanda ayaqlarımdan yapışıb yalvardı ki, məni vurma. Yazığım gəldi. Kömək etmək istədim.
Yolun kənarına aparanda bir nəfər “Pərviz” deyə qışqırdı. Dostu idi. Onunla köməkləşib Pərvizi taksiyə qoyub xəstəxanaya apardıq. Xəstəxanaya gələndə sağ idi. Sonra gördüm ki, rəngi ağarır. Əlimdən sürüşürdü. Həkim ona baxıb artıq keçindiyini dedi. Həkimdən polisə zəng vurmasını xahiş etdim. Bir neçə dəqiqə sonra polislər gəldilər. Onlara hadisənin necə baş verməsini danışdım. Pərvizi vurmağımın səbəbi bacımı aldatmağı olub”.
İfadəsinin sonunda təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə “onu öldürmək istəmirdim, sizin balanız ölüb, amma mən hər gün ölüb-dirilirəm” dedi.
Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən İranə Abdullayeva orta məktəbdə müəllimə işlədiyini, həyat yoldaşını 2000-ci ildə avtoqəzada itirdiyini, üç azyaşlı övladını min bir əziyyətlə böyütdüyünü dedi:”Pərviz evin həm oğlu, həm də atası idi. Kompyüter mütəxəssisi idi, işləyirdi, ayda 400-500 manat pul alırdı. Həm də litseydə oxuyurdu.
Sonradan oğlumun litseydə Reyhan adlı bir qızla münasibətinin olduğunu öyrəndim. Dəfələrlə bunun qarşısını almağa çalışsam da, Reyhan oğlumdan əl çəkmirdi. Bu barədə litseydəki müəllimələrdən biri mənə məlumat vermişdi. Litseyə getdim, qızı tapıb dedim ki, niyə mənim oğluma zəng vurursan, oğlum sənin əlindən telefonu söndürür, əl çək Pərvizdən.
Bizə oğlumun ölümü barədə dostu Elşad məlumat verdi. Hacıbaba onu metronun yanına çağırıb, taksidən düşən kimi bıçaqla vurub öldürüb. Bu qız neçə ildir ərindən ayrılıb. Axı 23 yaşında oğlanın yanında nə gəzirdi? Hacıbaba öz bacısını niyə sorğu-sual etmirdi? Bacısını çöldə qoyub indi özü içəridə yatır”.
Cinayət işi üzrə əsas şahid olan Reyhan Hacıyeva ifadə vermək təklif olunsa da, məhkəmədə ifadə verməkdən imtina etdi. O, istintaqa verdiyi ifadəsində göstərib ki, 2013-cü ilin dekabr ayından qrup yoldaşı, əslən Ucar rayonundan olan Pərvizlə aralarında dostluq münasibəti yaranıb. Sonradan Pərviz onu sevdiyini, evlənmək istədiyini deyib:
“Dəfələrlə ona dedim ki, mən boşanmışam, sən evin tək oğlusan, bu baş tutan iş deyil. Pərviz isə nənəsinin qırxından sonra bizə elçi göndərəcəyini deyirdi. Pərviz yanvar ayında məktəbdən xaric edildi. Buna baxmayaraq hər gün gəlir, dərsdən sonra görüşürdük. Hadisə baş verən gün Pərviz məktəbə gələndə ona dedim ki, qardaşım gələcək dalımca, məni gözləmə. Dərsdən çıxanda Pərvizin məktəbin həyətində dayandığını gördüm.
Birlikdə “Azadlıq” metrosuna tərəf piyada getdik. Rəfiqəm Nuranla qrup yoldaşım Kərim də yanımızda idi. Sağollaşan zaman Pərviz əlimdən tutaraq, üç gün burada olmayacağını, rayona gedəcəyini, qayıdandan sonra elçi göndərəcəyini dedi. Bu vaxt kiminsə əlini çiynimə qoymasını hiss etdim. Başımı qaldıranda qardaşım Hacıbabanı gördüm. Onun Pərvizi döyəcəyindən qorxub özümü itirdim. Evə gələndən sonra qardaşım məni sorğu-suala tutdu. Ona Pərvizin mənə qarşı ciddi niyyəti olduğunu, yalnız məktəbdə görüşdüyümüzü, kənarda heç bir əlaqəmiz olmadığını, martın 15-də Pərvizgilin bizə elçi gələcəklərini söylədim.
Hacıbaba təkidlə Pərvizin ailə üzvlərindən biri ilə görüşəcəyini deyib evdən çıxdı. Evdən çıxarkən qardaşıma “Pərvizə dəymə, onunla işin olmasın, biz ailə quracağıq” dedim. Təxminən saat 18:30 radələrində Pərvizə zəng vurdum, telefonuna zəng çatmadı. Sonradan Pərvizin qardaşım tərəfindən öldürüldüyü məlum oldu”.
Qeyd edək ki, məhkəmə prosesi zamanı tərəflər arasında mübahisə və münaqişə yarandı. Hər iki tərəf bu faciənin baş verməsində bir-birlərini ittiham edirdilər.Hakim proses iştirakçılarını nizam-intizama və məhkəmə iclas qaydalarına əməl etməyə çağırdı. Məhz bundan sonra prosesdə sakitlik yarandı.
Məhkəmə prosesi 25 avqust saat 16:30-da davam etdiriləcək.
Mənbə:> Virtualaz.org