Başına buz tökən məşhurlarımızın axırı necə olacaq?
“Buzlu su ilə dəstək” kampaniyası dünyanı, o cümlədən də sosial şəbəkələri başına götürüb. ALS xəstəliyinə diqqət cəlb etmək və onlara maddi yardım etmək üçün başladılan bu kampaniya sıravi insanlarla yanaşı, məşhurları da prosesə cəlb edib. ALS xəstələrinə dəstək aksiyası - “İce Bucket Challenge” adlanır.
Bu kampaniya iştirakçısı olan şəxs başından bir vedrə buzlu su tökərək özündən sonra 3 adamı bu hərəkəti təkrarlamağa - bir növ duelə çağırır. Əgər çağırış etdiyi şəxslər bu addımı təkrarlaya bilməsələr, ALS xəstələri üçün açılmış hesaba 100 dollar ödəməlidir.
Bu xəstəliyə yoluxanlara dəstək olmaq məqsədilə məşhurlar başlarına vedrə ilə soyuq su tökür və estafeti digərlərinə verirlər. İndiyədək bu kampaniyaya ABŞ-ın keçmiş prezidenti Corc Buş, facebook-un yaradıcısı Mark Zükerberq, “Microsoft”un prezidenti Bill Qeyts, müğənni Cenifer Lopes, Demet Akalın, Hülya Avşar, məşhur futbolçular Neymar və Kriştianu Ronaldu, aktyorlar Cim Parsons və Robert Dauni, müğənni Castin Biber, Selena Qomez, italiyalı ulduz futbolçu Mario Balotelli, türkiyəli futbolçu Arda Turan da iştirak ediblər.
Ölkəmizdə də bu kampaniyaya qoşulanlar var. Jurnalistlər sırasında da artıq başından soyuq su tökənlər videolarını Facebook-a yerləşdirirlər. Bəs digərləri?
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı heç vəchlə kampaniyaya qoşulmayacağını bildirdi:
“Yalan danışmağı xoşlamıram. Mən bunu etmərəm. Etiraz aksiyaları müxtəlif formada ola bilər. Baxır kim necə təklif verə bilər. Bu təklif başqasının sağlamlığına fəsad verə bilər. Aksiyalar düşünülmüş, ölçülmüş olmalıdır ki, buna qoşulanlar artıq sayda olsun”.
Tanınmış prodüser Təranə Səmədova isə jurnalist Şəfiqə Şahinqızı tərəfindən estafetin ona ötürüldüyünü, lakin qrip olduğuna görə bunu etməyəcəyini dedi: “Əvəzində axtarıram görüm harada 100 dolları ödəyə bilərəm. Ondan başqa, düşünürəm ki, insanlar bunu əyləncəyə çevirməməlidirlər. Bu işin kökündə acı reallıq dayanır. Ondan başqa bu kampaniya tanınmışların, ulduzların cəlb olunması üçündür. Çünki onlar imkanlı insanlardan bu vasitə ilə xəstəlikdən əziyyət çəkənlərə pul toplaya bilər”.
Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə bunları söylədi: “Mən Qərbi Azərbaycanın Amasiya rayonunda doğulmuşam. Bu rayonun özünəməxsus cəhətləri içərisində rayonda və onun kəndlərində yaşayan azərbaycanlıların ata-babalarımızdan gələn adət-ənənələri qoruyub saxlaması və tətbiq etmələri idi. Belə adətlərdən biri də Novruz bayramında, daha dəqiqi martın 21-də sevə-sevə etdiyimiz “Sulaşma günü”ndə edilirdi. Demək, həmin gün adamlar bulaqdan buz kimi suyu vedrələrə doldurub qonşunun qapısını döyür, ya da qarşısına kim çıxırdısa, onun başına, üstünə tökürdülər. Hətta su hücumuna məruz qalan xəstə yatan adam da ola bilərdi. Bu bir adət olduğundan küsmək-incimək yox idi. Hətta kimin evində təzə gəlin var idisə, həmin evə vedrə ilə su tökürdülər. Görünür, bu bir aydınlıq, saflıq mənasına gəlirdi. İndi də ALS xəstələrinə dəstək vermək üçün insanlar başlarından vedrə ilə buzlu su tökürlər. Əgər bir vedrə suyun altında islanmaq kiminsə həyatını xilas edəcəksə, əlbəttə, bunu edərdim, özü də sevə-sevə”.
“Ağzım nədir kampaniyaya qoşulmayım”, - deyən filosof Niyazi Mehdi isə bunu nüfuzlu mediada göstərildiyi təqdirdə edəcəyini söylədi: “Nüfuzlu medianı isə şöhrət üçün demirəm, kampaniyanın effekti üçün deyirəm”.
Yazar Aysel Əlizadə isə “həvəsim olsa, bəlkə, edərəm”, - söyləyərək, indi hər kəsin başından bir vedrə su tökülməsinin vacibliyini dedi: “Bir vedrə buzlu suyu indi hamının başından tökmək lazımdır ki, adamlar ayılsın”.
İnsanların komplekslərindən azad olaraq, ekstrim yaşamasının əyləncəli olduğunu deyən A.Əlizadə onları rahatlığa səslədi:
“Nə qədər sıxılmaq, gücənmək olar. Kef edin. Onu da deyim ki, bu aksiyanın da məzmununda xəstəlik dayanır, ALS (Amyotrofik lateral skleroz) anlaşılan şəkildə sinir sistemi xəstəliyi demək olar, ancaq məqsəd işıqlı, pozitivdir. Yüzlərlə sinir xəstəlikləri var, hamısı da gərginliklə, əsəblə bağlıdır. Sonuc da ürəkaçan deyil. Ona görə belə pozitiv performansların olması çox yaxşıdı”.
Gənc müğənni Günay İbrahimlinin prodüseri Sevincxanım isə bildirdi ki, repçi müğənni onun adını çəksə də, onlar kampaniyaya qoşulmaq niyyətində deyillər. Prodüser: “Amma problem deyil, 100 dollarlıq yardımı edə bilərik”, - dedi.
Mənbə:> Yeni Müsavat