Senator Rauf Araşukov iclas zalında yaxalandı
Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, Rauf Araşukov bir neçə il əvvəl öldürülmüş Aslan Jukovun qətlində ittiham edilir. Jukov çərkəs hərəkatlarından birinin lideri olub. İstintaq vaxtı Araşukovun adını killer çəkib.
Bu yaxınlarda isə Araşukov respublika başçısının müşaviri Fral Şebzuxovun ölümündə ittiham edilib. Bu dəfə də senatorun adını qətli törətməyə görə saxlanılmış cinayət əməlinin icraçıları çəkiblər.
Saxlanılan senator Rauf Araşukov “Qazprom Mejregionqaz” şirkətində baş direktorun müşaviri vəzifəsində çalışırmış.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, senatoru Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə şəxsi dostluq münasibətləri bağlayır.
* * *11:49
Rusiyanın Qaraçay-Çərkəs Respublikasından Federasiya Şurasının üzvü, senator Rauf Araşukov bu gün parlamentin yuxarı palatasının iclasının gedişində gözlənilmədən həbs edilib.
Virtualaz.org TASS-a istinadən xəbər verir ki, senatorun toxunulmazlığının ləğvi və axtarışın keçirilməsi barədə qərar qəbul ediləndən sonra Rauf Araşukov iclas zalından çıxarkən saxlanılıb.
Mənbə bildirir ki. 32 yaşlı senatorun tutulmasından öncə mətbuat işçiləri zaldan çıxarılıb və iclas qapalı elan edilib. Zalın girişini Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları bağlayıb.
“İnterfaks” əlavə edir ki, senator Araşukov qətl işinə görə saxlanılıb. Təfərrüatlar hələlik məlum deyil.
***
TASS iclasda iştirak edən mənbəyə istinadən bildirir ki, Araşukov bir neçə cinayət əməlində, o cümlədən mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham edilir.
RİA “Novosti” iddia edir ki. Araşukovun tutulmasına səbəb saxta sənədlərdən istifadə etməsi olub. Belə ki, senator saxta sənədlər əsasında Federasiya Şurasına Qaraçay-Çərkəs Respublikasından üzv olub.
“İnterfaks” dəqiqləşdirmə aparıb ki, Araşukov 2010-cu ildə törədilmiş qətllə bağlı ittiham edilir.
Mənbə:> Virtualaz.org