Arvadını baltalayan qısqanc ərə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Famil Abduləzimovun (1987-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, 2016-cı il mayın 18-də Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivində Famil həyat yoldaşı Xalidə Günəşovaya balta ilə zərbələr endirərək, onu qətlə yetirib.
Daha sonra o, özünün qollarına və qarnına bıçaqla xəsarətlər yetirib, lakin vaxtında Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıldığı üçün həyatı xilas edilib. Sağalana kimi o, palatada polis nəzarətində qalıb, sonra isə istintaq təcridxanasına köçürülüb.
İstintaqda dindirilmiş Famil Abduləzimov Xalidə Günəşovanı guya qısqanclıq zəminində öldürdüyünü bildirib.
Məlum olub ki, Abduləzimov ilk dəfə 2009-cu ildə evlənib, iki övladı olub, 2012-ci ildə isə boşanıb. Həmin il Xalidə Günəşova Famil Abduləzimova qoşulub-qaçıb. Ailələr əvvəlcə narazı olsa da, sonradan bu evliliyə razılıq veriblər.
Təqsirləndirilən şəxsin ilk evliliyini gizlətməsi sonradan ailə münaqişələrinə səbəb olub. Buna baxmayaraq, Xalidə və onun ailə üzvləri Famili bağışlayıblar. Birinci arvadına aliment ödəmədiyi üçün dörd ayını həbsxanada keçirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Mənbə:> Oxu.Az