Mehman Hüseynov məhkəmədə geniş ifadə verdi
Bu gün Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əflatun Qasımov sədrlik edib.
Prosesdə Mehman Hüseynov günahsız olduğunu iddia edib və hadisə ilə bağlı geniş ifadə verib.
Xüsusi ittihamçının nümayəndəsi çıxış edərək Mehman Hüseynovun apellyasiya şikayətinin təmin olunmamasını istəyib. Daha sonra sənədlərin tədqiqi mərhələsi başlanılıb. Məhkəmə prosesi sabah davam edəcək.
Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalandırılmasını istəyib. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, sentyabrın 29-da Ali Məhkəmədə M. Hüseynovun kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin olunub. M.Hüseynov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.
Prosesdə baş verənlər barədə geniş yazını bu axşam saytımızda oxuya bilərsiniz.
Mənbə:> virtualaz.org