ANS-in apellyasiya şikayətinə baxılıb
Bu gün Bakı Apellyasiya Məhkəməsində “ANS Müstəqil Yayım və Media” şirkəti Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Report-a MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadə məlumat verib.
Onun sözlərinə görə, hakim Vidadi Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, ANS-in apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək “Abşeron” adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. MTRŞ ANS TV-nin Şuraya “Abşeron” əvəzinə, “Sevgi naminə” adlı serial təqdim etdiyini bildirib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi MTRŞ-nın iddiasini təmin edib.
Həmin qərardan narazı qalan ANS apellyasiya şikayəti verib.
Mənbə:> Oxu.Az