Azərbaycanda cücə puluna görə qan töküldü
Cəlilabad rayonunda cücə pulunun üstündə iki tanışdan biri digərini bıçaqlayaraq xəstəxanalıq edib. ANS PRESS-in bögə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
Cəlilabad şəhər sakini, 26 yaşlı Mansur Vəliyev bir neçə gün bundan öncə tanışı 23 yaşlı Bəyazit Ağayevə satdığı toyuq-cücənin pulunu istəyib. Elə hər şey bundan sonra baş verib.
Bəyazit Ağayev mübahisə zamanı Mansur Vəliyevin baş nahiyyəsindən taxta parçası ilə vurub. Sonra bədəninin müxtəlif hissəsinə bir neçə dəfə bıçaq zərbəsi endirib. Özü isə hadisə yerindən qaçaraq gizlənib.
Yaralı dərhal Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsində əməliyyat olunaraq həkim nəzarətinə götürülüb.
Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır. Bəyazit Ağayevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Mənbə:> ANSPRESS