Keşlədə evdən 70 manat “aparan” şəxs məhkəmə zalında həbs olundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Vaqif Novruzovun CM-nin 180.2.3-cü (soyğunçuluq, yaşayış sahəsinə, binaya və ya başqa saxlac yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, ötən ilin oktyabr ayında Nizami rayonunun Keşlə qəsəbəsində Vaqif Novruzov oğurluq məqsədilə fərdi yaşayış evinə girsə də, qəflətən ev sahibi ilə rastlaşıb.
Zərərçəkənə güc tətbiq edən şəxs mənzildən 70 manat pul götürərək, qaçıb. Zərərçəkənin şikayəti əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirən Nizami RPİ 23-cü polis bölməsinin əməkdaşları Vaqif Novruzovu tutublar.
Nizami RPİ-də istintaq gedişatında təqsirləndirilən şəxs barəsində heç yerə getməmək barədə iltizam tədbiri seçilib.
Məhkəmənin hökmü ilə V.Novruzov 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və o, məhkəmə zalında həbs edilib.
Mənbə:> Oxu.Az