Əxlaqsızlıq yuvasının sahibindən pul tələb edən jurnalistlərə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Şahin Orucov və Cəlil Səmədovun CM-nin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, Şahin Orucov “Kriminal və Bəşəriyyət” qəzetinin təsisçisi, Cəlil Səmədov isə “Korrupsiya və Qanun” qəzetinin baş redaktorunun müavini işləyiblər.
İttihama görə, Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazisində yerləşən “Metalurq” adlı kafedə əxlaqsız yuva təşkil olunduğunu öyrəniblər və həmin kafeyə gedərək, video görüntülər çəkiblər.
Daha sonra onlar həmin kafenin sahibi ilə görüşərək, çəkilişləri yaymamaq müqabilində 5000 manat pul tələb ediblər. Zərərçəkənin şikayəti əsasında şübhəli şəxslər saxlanılıblar.
İbtidai istintaqın gedişatında onların barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar və məhkəmə zalında həbs olunublar.
Mənbə:> Oxu.Az