Çətənə əkib-becərən qarovulçuya hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Xəzər rayon sakini Habil Əsgərovun CM-nin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və ya satma) və 237.2.3 (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, bu il aprelin 16-da Xəzər RPİ-nin əməkdaşları Şüvəlan qəsəbəsində Habil Əsgərovu şübhəli şəxs qismində saxlayaraq, evin həyətindən ümumi çəkisi 800 qram olan 22 ədəd çətənə kolu, evdən isə 5 kq 167 qram marixuana aşkar ediblər. Araşdırma aparılarkən həmin evin H.Əsgərova məxsus olmadığı, onun həmin ərazidə qarovulçu işlədiyi, evin sahibinin iş adamı İsgəndər Xəlilovun qardaşı Ramiz Xəlilov olduğu müəyyənləşdirilib.
Məhkəmə prosesində təqsirləndirilən şəxs dindirilərkən, mülk sahibinin ora gec gəlməsindən istifadə edərək həyətyanı sahədə narkotik bitkisi əkib-bəcərdiyini bildirib.
Məhkəmənin hökmü ilə Habil Əsgərov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Mənbə:> Oxu.Az