Şüvəlanda bacısını boğaraq öldürən qardaş 11 il cəza aldı – FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Tofiq Qədirovun (1987-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il dekabrın 22-si saat 12 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsinin Sabir küçəsində yaşayan Tofiq Qədirov qısqanclıq zəminində bacısı Ramiləni (1989-cu il təv.) boğma yolu ilə qətlə yetirib və həmin gün Xəzər RPİ 1-ci polis bölməsinə gələrək, təslim olub. İş üzrə dindirilən Tofiq Qədirov cinayəti namus üstündə törətdiyini bildirib.
İstintaqla müəyyən edilib ki, naməlum şəxsə qoşulub qaçan Ramilə Qədirova qeyri-rəsmi nikahda yaşayıb, onun bu hərəkətini qardaşı Tofiq bağışlamayıb və onlar uzun müddət küsülü qalıblar. 4 ay əvvəl isə Ramilə dünyaya uşaq gətirdiyi üçün Tofiq Qədirov bacısından imtina edib. Lakin özəl TV kanallarının birində yayımlanan verilişə çıxan Ramilə məhz yaradıcı kollektivin sayəsində qardaşı ilə barışıb və körpəsilə birlikdə ata evinə yerləşdirilib. Lakin bundan sonra onların arasında yenə də münaqişələr davam edib.
Həmin gün növbəti mübahisə zamanı Tofiq Ramiləni dəsmalla boğaraq, öldürüb, hadisə vaxtı körpə digər otaqda yatıb. Hadisədən sonra Tofiq qonşularına və evə gələn arvadına bacısını öldürdüyünü deyib və polisə gedib.
Məhkəmə prosesində Tofiq Qədirov ittiham üzrə özünü təqsirli hesab edərək, törətdiyi əməldən peşman olduğunu bildirib. Onun sözlərinə görə, bacısı 2-3 il əvvəl evi tərk edib, onunla əlaqə saxlamayıb. Təxminən 3 ay əvvəl televiziya kanallarından birində gedən proqramda bacısını gördükdə, ora gələrək Ramiləni və uşağını qəbul edib və yanında saxlamağa razılıq verib.
İlk vaxtlarda bacısı evdən heç yerə çıxmayıb, lakin hadisə günü o Ramilənin yenə də kiminləsə görüşdüyünü eşidib və evə gələrək, onunla mübahisə etməyə başlayıb.
“Bərk əsəbiləşmişdim, necə oldusa əvvəl əllərimlə, sonra isə dəsmalla onu boğmağa başladım”.
Şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qayınatası Mütəllim Mirzəyev bildirib ki, hadisəni işdə olarkən eşidib:
“Qızım zəng elədi ki, Tofiq bacısını öldürüb. Şoka düşdüm, çox böyük faciədir, gedib evdə mərhumu görəndə inandım”.
Onun sözlərinə görə, Tofiqin ata-anası 3 il əvvəl rəhmətə gediblər, o yoldaşı ilə yaşayıb.
“Tofiq neçə illərdir ruhi xəstədir, hətta onu əsgər də aparmayıblar. Ruhi-Əsəb dispanserində də qeydiyyatdadır. Ramiləni televiziyada görəndən sonra, onu evinə gətirib saxladı, amma Ramilə yenə düzgün yol seçmədiyindən Tofiq onu boğub öldürdü”.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Mənbə:> Oxu.Az