Bakıda polisi döydülər: sürücü maşını qoyub qaçdı
Bakıda yol polisinin döyülməsi ilə nəticələnən insident baş verib.
Hadisə sentyabrın 8-də Nəsimi rayonu ərazisində A.Mustafayev küçəsində baş verib. Hadisə şahidlərinin musavat.com-a verdiyi məlumata görə, Dövlət Yol Polis İdarəsinin əməkdaşları 10 CA 030 dövlət nömrə nişanlı, “Niva” markalı maşını saxlayıblar. Səbəb maşında uzaq vuran əlavə işığın quraşdırılması olub.
Bu zaman sürücü ilə DYP əməkdaşı, baş serjant Səbuhi Zeynalov arasında mübahisə yaranıb. Daha sonra sürücü maşını qoyaraq hadisə yerindən qaçıb. “Niva”da olan sərnişin isə polisi döyərək hadisə yerindən uzaqlaşıb.
Araşdırma zamanı sürücünün Şamil Rüstəmov adlı biri olduğu məlum olub. Polisi vuran şəxs isə Məhərrəm Səfərov olub. Hər iki şəxsin saxlanıldığı bildirilir.
Mənbə:> Virtualaz.org