Dostunun arvadına zəng elədi, başından oldu – BİR QƏTLİN TƏFƏRRÜATI
Zərdab rayon Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Vüsal Mehrəliyev sinif yoldaşı Rəşad Zeynalovu öldürüb.
Hadisə ötən il dekabrın 30-da baş verib. Vüsal Mehrəliyev Rəşadı Zərdab rayonunun Xanməmmədli kəndi ərazisində qətlə yetirib. O, Rəşadın başını kəsəndən sonra meyitinin üstünə benzin tökərək yandırıb. Hadisə qısqanclıq zəminində baş verib. Cinayəti törədən şəxslə qətlə yetirilən sinif yoldaşı olublar.
Vüsal Mehrəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub. Cinayət işi üzrə materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Asim Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Vüsal Mehrəliyev bildirib ki, Rəşad onun həyat yoldaşının telefonuna zəng vurmaqla onun şərəf və ləyaqətini alçaldıb. Vüsal bildirib ki, 2011-ci ildə Elnurə ilə ailə həyatı qurub: “Rəşadla bir sinifdə oxumuşuq, dostluq etmişik. Onunla aramızda səmimi münasibət olub, yaxın qonşuyuq. Rəşad yaxşı əl qabiliyyətinə malik olduğuna görə evə aldığım karnizləri vurmaq üçün anam onu çağırıb. Səhəri gün arvadımın telefonuna zəng gəldi. Telefonu acanda Rəşadın səsini tanıdım. Zəng etməsinin səbəbini soruşanda Rəşad bu nömrədən ona zəng gəldiyini söylədi. Arvadım isə Rəşada zəng vurmadığını dedi. Sonradan bildik ki, Rəşad karniz vuranda stolun üstündəki telefonun arvadıma məxsus olduğunu yəqin edib və həmin telefondan özünə zəng vuraraq nömrəni götürüb”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, arvadına məxsus olan nömrəni sındıraraq atıb və ona yeni nömrə alıb: “Bu barədə Rəşadla heç bir söhbətim olmadı. Fikirləşdim ki, birdən dava-dalaş yaranar, Rəşadın arvadıma zəng vurması kənddə yayılar. Bir müddət sonra məlum oldu ki, arvadımla Rəşadın heç bir əlaqəsi yoxdur. Çünki Elnurənin telefonu daim evdəki əşyaların üstündə olurdu”.
O, daha sonra qeyd edib ki, həmin hadisədən sonra Rəşadı öldürmək fikrinə düşməyib: “Əgər Rəşadı öldürmək niyyətim olsaydı, bunu son 3 il ərzində reallaşdırardım. Düşünürdüm ki, bir səhvdir edib. Ona görə də Rəşadla zəng barədə hər hansı söhbət etmədim. Amma fikirləşmişdim ki, kənd camaatı arasında söz-söhbət yaysa, dost-tanış arasında nə isə bildirsə, onu öldürəcəm. Bu zəngin üstündən 3 il ötmüşdü. Rəşadın danışıqlarında, hərəkətlərində şübhəli məqamlar hiss edirdim. Rəşad həmkəndlilərimlə işlədiyim mağazaya gəlir, uşaqların yanında atmacalı sözlər atırdı. Elə başa düşürdüm ki, yəqin Rəşad arvadıma zəng vurmağını uşaqların yanında deyib, hələ üstəlik birinin üstünə də beşini qoyaraq danışıb”.
Onun ifadəsinə görə, Rəşadın kənd uşaqları arasında arvadı haqqında xoşagəlməz fikirlər səsləndirməsi Vüsalda narahatlıq yaradıb: “Bu narahatlığa son qoymaq üçün Rəşadı öldürəcəyimi qətiləşdirdim. Qətli həyata keçirmək üçün əlverişli şərait axtarırdım. Nəhayət, bu şərait 2014-cü il, dekabr ayının 29-da yetişdi. Həmin gün axşam saatlarında Rəşad mağazaya gəldi. “Rəvan İmanov, Səbuhi Ağayev və Elçin İmaməliyev də onunla birlikdə idilər. Mağazadan ərzaq və spirtli içki alaraq yaxınlıqdakı tikilidə yeyib-içdilər. Bir qədər sonra onları qonşu kənddə yerləşən “Üçqardaş” kafesinə aparmağımı xahiş etdilər. Ancaq bircə məsələ barədə düşünürdüm. Əlverişli şərait yaranan kimi Rəşadı öldürəcəkdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Rəşad və digər şəxsləri qonşu kənddə yerləşən “Üşqardaş” kafesinə aparmağa razılaşıb: “Kafedən çıxanda qaynım Emil də orada idi. Onunla sağollaşandan sonra Elgün, Elçin, Səbuhi və Rəşadla birlikdə maşına əyləşərək kəndə doğru istiqamət aldım. Rəşadla maşında tək qalmaq üçün uşaqlara dedim ki, bibimqızıgilə gedirəm. Uşaqlar maşından düşdülər, bircə Rəşad qaldı. Çünki yolumuz eyni idi. Bir qədər avtomobillə hərəkət edəndən sonra yolda süni vəziyyət yaratdım, təkər çalaya düşdü. Rəşaddan yardım göstərməsini xahiş etdim. O, avtomobildən düşən kimi arxasınca gəldim və bıçaqla sinəsindən zərbə endirdim. Qanlı vəziyyətdə Rəşad yolun kənarındakı boş torpaq sahəsinə qaçmağa başladı. Arxasınca qaçdım və ona çataraq boğazına ardıcıl bıçaq zərbələri endirməyə başladəm. Rəşad müvazinətini itirərək yerə yıxıldı. Maşından götürdüyüm benzini hərəkətsiz vəziyyətdə yerdə uzanan Rəşadın üstünə tökdüm və ona od vurdum. Avtomobilə əyləşib tələm-tələsik hadisə yerindən uzaqlaşdım”.
Vüsal Mehrəliyev ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu deyib: “Gərək onu öldürməzdim. Çox peşmanam. Bu hərəkətim bir nəfərin ölümünə, özümün isə həbsxanaya düşməyimə səbəb oldu. Rəşadı xüsusi amansızlıqla, qəddarlıqla öldürmək fikrim olmayıb. Sadəcə qısa zamanda onu öldürüb cinayətin izini itirmək istəmişdim”.
Məhkəmənin hökmü ilə Vüsal Mehrəliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə:> Publika.az