“Qəbələ”dən tarixi qələbə – VİDEO
“Stadionda təkcə “Qəbələ”nin yox, ümumilikdə Azərbaycan futbolunun azarkeşlərini görmək xoşdu. Möhtəşəm atmosfer idi. Şadam ki, azarkeşlərə qələbə sevinci bəxş etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Çukariçki”yə 2:0 hesabı ilə qalib gələn “Qəbələ” növbəti mərhələyə adlayıb.
Matçdan sonra mətbuat konfransı keçirən Qriqorçuk qələbəni belə şərh edib: “Çox həyəcanlı idim. Azarkeşlərin etimadını doğrultmaq üçün narahatlıq keçirirdim. Əsas odu ki, bunu bacardıq”.
- Heyətin gücləndirilməsi planda varmı?
- Əlbəttə ki, güclənməyə çalışacağıq. Növbəti oyuna kimi əılavə futbolçular sifariş edə bilərik. Oyuna 1 sutka qalmışa kimi bunu etmək mümkündü. Biz də bu şansı dəyərləndirməyə çalışacağıq.
- İlk görüşdə “Çukariçki” daha çox qol vura bilərdi. Bu görüşdən öncə komandanıza hansı tapşırıqları vermişdiz?
- Razıyam, ilk oyunda rəqib çox qol vura bilərdi. Bu məsələdə mübahisə etməyin mənası yoxdu. Biz yaxşı oyun göstərmədik. Öz oyunumuzu nümayiş etdirmək gücündə deyildik. Amma bu gün yaxşı oyun göstərdik. Demirəm ki, ideal oynadıq. Amma taktiki cəhətdən ağıllı oynadıq, hərəkətli olduq, xarakter sərgilədik. Hiss olunurdu ki, komandamız meydana ancaq və ancaq qələbə qazanmaq üçün çıxıb.
- Qriqorçuk oyuna kənardan baxsaydı, kimi matçın oyunçusu seçərdi?
- Bu gün mənim üçün önəmli olan komanda oyunu göstərməyimiz idi. Düzdü, texniki cəhətdən bəzi şeylər alınmırdı. Amma ümumilikdə meydanda əsl komanda var idi.
- Nəhayət ki, Azərbaycan təmsilçisi Serbiya klubunu keçdi və “Baksell Arena”da mərhələ adladı...
- Mən dünən bununla bağlı verilən sualı düz başa düşmədim. Bu cür stadion o qələbəyə layiq idi. Şadam ki, bu arena da Avrokubokda qələbə gördü. Bu qədər insanı tribunalarda görəndə tüklərim biz-biz oldu. İstərdik ki, “Qəbələ”də hər gün yeni tarix yazaq, yeni səhifə açaq.
- Növbəti oyunlarda Məhəmməd Mirzəbəyovdan istifadə etməyi düşünürsüzmü?
- Mənim həm Məhəmməd, həm də Arif Daşdəmirov xoşuma gəlir. Hər ikisinin komandamıza xeyir verəcəyini düşünürəm. Amma hələ adaptasiya prosesini keçirirlər. Komanda yenidisə, orda ilk növbədə kollektiv oyununu formalaşdırmaq lazımdı. Hər bir oyunçumun gücünə bələdəm, onlar bizim komandanın oyun tərzinə uyğun gəlirlər. Onlar insan kimi də gözəl insandılar, prinsipialdılar.
Mənbə:> Apasport.az