Qurban Qurbanov penalti epizodundan danışdı
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin 3-cü turunda “Atletiko” ilə bərabərə qalıb.
AzNews.info yenicag.az-a istinadən xəbər verir ki, 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransına qatılıb. O, əvvəlcə qarşılaşma barədə fikirlərini bildirdikdən sonra, jurnalistlərin suallarını cavablandırıb.
– Bütün futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Həqiqətən də ağır idi. Oyunun sonuna qədər var gücümüzlə oynadıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Sonadək bizimlə oldular. Çox vacib xal qazandıq.
– “Qarabağ” bundan əvvəlki oyunları niyə belə oynamırdı?
– Hamımıza məlumdur ki, bir işə yeni başlayanda həyəcan çox olur. Bu gün bərabərə qaldıqsa, bu o demək deyil ki, rəqiblə başabaş mübarizə apardıq. Tədricən daha da yaxşı oynayacağıq. Təcrübə daha böyük rol oynadı.
– Oyundan sonra Dino Ndlovu ilə söhbətiniz oldumu? Penalti epizodu ilə bağlı nə deyə bilərsiniz?
– Hakim yanlış qərar verdi. Hətta penalti olmasaydı belə, ondan əvvəlki epizodda “sarı” verməməliydi. Dinonun özü də çox üzgün idi. Hamımız da bunu normal qarşıladıq.
Mənbə:> Yenicag.az