Məşhur qapıçı: "Erməni tanışlarımız evə gəlmişdilər, amma..."
SSRİ futbolunun ən tanınmış qapıçılarından olan Vyaçeslav Çanov Rusiyanın "Sport-Ekspress" qəzetinə müsahibə verib.
ANS PRESS-in məlumatına görə, 63 yaşlı sabiq əlcək ustası "Neftçi"dəki mövsüm, habelə "Ararat"dan rüşvət təklifi barədə də danışıb.
Çanovun müsahibəsinin maraqlı hissələrini təqdim edirik.
- "Torpedo"da oynayarkən "Ararat"dan rüşvəti kim vermişdi?
- Erməni tanışlarımız evə gəlmişdilər. Mən bazada idim. Lyuda evə buraxmışdı. Onlar da bükülünü yastığın altına qoymuşdular: "Onlar gedəndən sonra divanın üstündəki yastığın altından tapdım".
- Nə qədər idi?
- Üç min rubl. Özü də məğlubiyyətə görə yox, sadəcə, 1 top buraxmağıma görə.
- Bir topla iş bitirdi?
- Düşünürəm ki, "qara bazar"da pul qoyuluşu etmişdilər. Həyat yoldaşıma "sabah pulu stadiona gətir", dedim. Özüm isə baş məşqçimiz Valentin İvanova hər şeyi olduğu kimi oyundan əvvəl nəql etdim. Ancaq sonra Kozmiç söhbəti elə fırlatdı ki, guya pulu götürmək istəmişəm. Həqiqətdə isə hələ oyundan öncə həmin işbazları görüb, pulu geri qaytarmışdım. Qol buraxacağımdan və bundan sonra müxtəlif söz-söhbətlərin başlayacağından çox qorxurdum. Ancaq xoşbəxtlikdən "Torpedo" 2:0 qalib gəldi. Bundan sonra analoji təkliflərlə üzləşmədim.
- 1976-cı ildə İrəvanda "Torpedo"nun oyunu "Ararat"a verərək, "Spartak"ın 1-ci dəstəyə yuvarlanmasını təmin etməsi barədə eşitməmiş olmazsınız...
- Bildiyimə görə həmin oyun "Ararat"a verilməyib. "Torpedo"ya deyilmişdi ki, pulu götürməsəniz, hakimləri ələ alacağıq. O vaxt "Ararat" da güclülər dəstəsini tərk edə bilərdi. Erevanda komandanın 1-ci liqaya yuvarlanmaması üçün hər şey etmişdilər.
- "Ararat"a qarşı "Neftçi"nin heyətində də unudulmaz oyununuz olub.
- Bakı şəhər komitəsinin 1-ci katibi Musayev (AFFA-nın sabiq prezidenti Fuad Musayevi nəzərdə tutur - red.) bizi toplayaraq, oyunun təxirə salınmasını təklif etdi. Komandanın kapitanı İsgəndər Cavadov "Gəlin oynayaq. Xeyli vaxtdı toplanışdayıq, futbolçular oyuna kökləniblər", - dedi. Oyunun sonlarına yaxın Ermənikənd bazarının ətrafındakı ermənilərin yaşadığı ərazini dağıtmaq haqda vərəqələr paylanmağa başladı. Və bu anda, görüşün 88-ci dəqiqəsində Maşallah Əhmədov qol vurdu - 1:0! Azarkeşlər bayram edir, biz isə paltardəyişmə otağına suyumuz sıxılmış vəziyyətdə gəldik. Sanki bir vaqon yük boşaltmışdıq. Üzümü Cavadova tutaraq: "Necəsən, İsgəndər?", sualını verdim. O da mənə "Vay, Slava, evə aparan olaydı kaş", - cavabını verdi. İkinci dövrədə Erevandan ölüm-zülümlə çıxdıq.
- 0:0 oynadınız?
- Elədir ki, var. "Razdan"dan çıxanda avtobusumuzu daş atəşinə tutdular. Bütün şüşələri qırmışdılar. Çantalarımızla başımızı qoruyurduq. Analoji halla Kutaisidə də rastlaşmışdıq.
- "Torpedo"dan ayrılığınız asan alınmayıb.
- Elədir ki, var. İvanov tərs adam idi. Hansı futbolçunun səviyyəsinin qalxdığını görürdüsə, onu "dəfn" edirdi. Üstəlik "Torpedo" rəhbərliyi də vidalaşmaq istəyərkən, problemlər yaratdı. Yalnız Heydər Əliyevin müdaxiləsindən sonra dilləri qısaldı və mən "Neftçi"yə keçdim.
Mənbə:> ANSPRESS