"Fənərbaxça" "Qalatasaray"a da uduzsa...
Sabah İstanbul derbisi "Qalatasaray" - "Fənərbaxça" oyunu keçiriləcək. ANS PRESS-in məlumatına görə, "Konyaspor"a uduzmaqla çempionluq yarışında ağır zərbə alan "Fənərbaxça" düşərgəsində ab-hava yaxşı deyil.
"Avrokuboklara da erkən "əlvida" deməsi bilavasitə məşqçilər korpusunun ayağına yazılır".
Türkiyə mətbuatı derbidə də xalsız qalacağı halda "Fənərbaxça" prezidenti Əziz Yıldırım portuqaliyalı çalışdırıcı Vitor Pereyranı istefaya göndərəcəyini qeyd edib.
Türkiyə miqyasında yetərincə güclü heyətə malik "bülbüllər"in çempion ola bilməməsi, avrokuboklara da erkən "əlvida" deməsi bilavasitə məşqçilər korpusunun ayağına yazılır.
Pereyranın əvəzləyicisinin adına da aydınlıq gəlib. Bu mütəxssis "Fənərbaxça"ya çempionluq yaşadan Ərsun Yanaldı. Ona İsmayıl Kartalın yardım edəcəyi qeyd olunur.
Bu arada Türkiyə Super Liqası çərçivəsində keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçını idarə edəcək hakimin adına aydınlıq gəlib. İstanbul derbisi Mete Kalkavana tapşırılıb.
Ona Aleks Taşçıoğlu və Esat Sancaktar yardım edəcək. Tolqa Özkalfa isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Keçən il əzəli düşmənlər arasında "Şükrü Saracoğlu" stadionunda keçirilən oyunu FİFA referisi Cüneyt Çakır idarə etmişdi. Təcrübəli hakimə Bahattin Duran və Tarık Ongun köməklik etmişdi.
Qeyd edək ki, oyun təxirə salınmamışdan öncə də derbini Mete Kalkavanın idarə edəcəyi açıqlanmışdı. Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsi matçın hakimini dəyişdirməyə ehtiyac görməyib. Terror təhlükəsi səbəbi ilə təxirə salınan qarşılaşma aprelin 13-də baş tutacaq. Oyun Bakı vaxtı ilə 20:30-da başlayacaq.
Mənbə:> ANSPRESS