“Boksda məğlub olmaq, həm də döyülmək deməkdir”
Azərbaycanlı peşəkar boksçu Fariz Məmmədov jurnalistlərə açıqlamasında "AİBA Pro Boxing" turnirində Rusiya təmsilçisi Andrey Zamkovoya məğlubiyyəti haqda danışıb.
ANS PRESS-in "Sportpress"ə istinadən məlumatına görə, peşəkar boksçumuz Fariz məmmədov rus rəqibinin 69 kq-da ən güclü boksçulardan biri olduğunu bildirib.
“Uca boylu idmançı 2006-cı ildən stabil çıxış edir. Mənə qarşı ağılla döyüşdü və qələbə qazandı. Döyüşə hazır deyilsənsə rinqə çıxmalı deyilsən. Bəhanə axtarmıram. Etiraf edirəm ki, Zamkovoy qələbə qazandı. Bununla belə gələcək haqda düşünürəm. Onunla revanş almaq barədə deyil, 2016-cı ildə Braziliya keçiriləcək olimpiadaya lisenziya qazanmaq barədə fikirləşirəm. Boksda məğlub olmaq, həm də döyülmək deməkdir. Rinqdə zərbələrdən qaçmaq, rəqibi nişan almaq asan deyil. Mən bu çətinliyə hər zaman hazır olmuşam. Ona məğlubiyyətdən sonra üzüm gülmür. Bilirəm ki, azarkeşlərə, dostlar və boks ictimaiyyətinə borcum var. Siz tezliklə yenidən gözlədiyiniz Farizi görəcəksiniz”.
Mənbə:> ANSPRESS