Bakı-2015: Boksçularımız qələbə uğrunda çıxış edir – CANLI (YENİLƏNİB)
Oxu.Az xəbər verir ki, qadınlar arasında 60 kq çəki dərəcəsində keçirilən yarışlarda təmsilçimiz Yana Alekseyevna 1/4 finalda Zinayda Dobrinina ilə döyüşüb. O qalib gələrək 1\2 finala vəsiqə qazanıb.
12:31
Bakı-2015 I Avropa Oyunlarında boks yarışları həlledici mərhələyə qədəm qoyub.
Oxu.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, bu gün daha 8 çəki dərəcəsində (5 kişi, 3 qadın) görüşlər olacaq ki, onlardan 3-də 1/4 final, 5-də yarımfinallar qarşılaşmaları baş tutacaq.
Bu çəki dərəcələrində Azərbaycan yığmasının 4 boksçusu rinqə çıxacaq.
Tayfur Əliyev (56 kq) və Teymur Məmmədov (81) 1/2, Xaybuya Musalovla (75) Yana Alekseyevna (60) isə 1/4 final görüşünü keçirəcək.
Kişilər
56 kq
Yarımfinala qədər irəliləyərək, ən azı bürünc medalı özü üçün təmin edən Tayfur Əliyev final yolunda döyüşünü rusiyalı boksçu Bəxtovar Nazirova qarşı keçirəcək. Bura qədər iki rəqibini mübarizədən kənarlaşdıran həmyerlimizlə 3 döyüşdən qalib ayrılan Nazirovun görüşü saat 19:30-a təsadüf edəcək.
75 kq
1/8 final mərhələsində fransalı Kristian Assomo-Hallier Mbilliyə qalib gələn Xaybuya Musalovun 1/4 finaldakı rəqibi Vitali Bandarenka olacaq. Boksçumuz özündən 5 yaş böyük olan belaruslu ilə döyüşə saat 13:30-da çıxacaq.
81 kq
Bu çəkidə Azərbaycanı təmsil edən Teymur Məmmədov yarışda 4-cü görüşünə çıxacaq. İndiyə qədər 3 rəqibinə heç bir şans verməyən Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi yarımfinalda rusiyalı Pavel Silyagin önündə də uğurlu seriyanı davam etdirməyə çalışacaq. Məmmədov rinqə saat 20:15-də ayaq basacaq.
Qadınlar
60 kq
Əvvəlki mərhələdə finlandiyalı Mira Potkonen üzərində qələbə qazanan təmsilçimiz Yana Alekseyevnanın 1/4 finaldakı rəqibi rusiyalı idmançı olacaq. Yananın yarımfinal yolunda Zinayda Dobrinina ilə döyüşü saat 12:30-da baş tutacaq.
Qeyd edək ki, iyunun 22-də və 23-də Azərbaycan millisinin 9 boksçusu yarımfinala vəsiqə qazanıb.
Mənbə:> Oxu.Az