Bakı-2015: 9 boksçumuz yarımfinalda – YENİLƏNİB
Abdulkadır Abdullayev fransalı rəqibini məğlub edib.
Azərbaycanı yarım-orta çəki (69 kq) dərəcəsində təmsil edən Pərviz Bağırov bu gün 1/4 final mərhələsində almaniyalı boksçu Abass Barau ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, gərgin keçən döyüşdə təmsilçimiz qələbə qazanaraq yarımfinala çıxıb.
Onun yarımfinaldakı rəqibi britaniyalı Coş Kelli olacaq. Görüş iyunun 26-sı saat 13:45-də baş tutacaq.
Bu gün daha bir Azərbaycan idmançısı Avropa Oyunlarında boks yarışlarının yarımfinalına çıxıb.
Azərbaycanı birinci yarım-orta (64 kq) çəkidə təmsil edən Kuba əsilli Lorenso Sotomayor 1/4 finalda Rumıniya boksçusu Daniel Nikulesku ilə münasibətlərə aydınlıq gətirib.
Kəşfiyyat xarakteri daşıyan ilk raundda rəqibindən azca üstün olmağı bacaran boksçumuz ikinci raundda bu üstünlüyünü daha da möhkəmləndirib. Uzun qolları və cəldliyi hesabına həlledici, üçüncü raundda da Rumıniya idmançısına daha çox zərbələr endirən Sotomayor döyüşdən qalib ayrılıb və yarışların yarımfinalına vəsiqə əldə edib.
Yarımfinalda təmsilçimizin rəqibi ukraynalı Viktor Petrov olacaq. Görüş iyunun 25-i saat 14:15-də başlayacaq.
Daha sonra Azərbaycan təmsilçilərindən bu gün ən sonda rinqə ağır (91 kq) çəkidə çıxış edən boksçumuz Abdulkadır Abdullayev çıxıb.
Yarımfinala çıxmaq üçün o, Fransa təmsilçisi Pol Omba Bionqolonu yolundan kənarlaşdırmağı bacarıb - 3:0.
Xatırladaq ki, bu gün çıxış edən təmsilçilərimizdən Anna Əlimərdanova və kişi boksçumuz Albert Səlimov da rəqiblərini məğlub edərək yarışların yarımfinalına vəsiqə əldə ediblər.
Ötən gün isə 4 boksçumuz yarımfinala yüksəlməyi bacarmışdı: Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq)
19:49
Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi davam edir.
Oxu.Az xəbər verir ki, Azərbaycanı yarım-orta (60-64 kq) çəki dərəcəsində təmsil edən Yelena Vıstropova 1/4 finalda Böyük Britaniyadan olan boksçu Rayan Sandi ilə görüşüb.
İlk raundda daha üstün boks nümayiş etdirən Yelena ikinci raundda bundan fərqli olaraq rəqibinə uduzub. Dünya çempionatının gümüş medalçısı olan Sandi üçüncü raundda da cəldliyi və dəqiq zərbələri hesabına üstünlüyünü qoruyub saxlaya bilib.
Sonuncu, dördüncü raundda da üstünlüyünü əldən verməyən britaniyalı boksçu qalib gələrək yarımfinala çıxıb.
14:29
Oxu.Az xəbər verir ki, Albert Səlimov bu dəfə bolqarıstanlı Dmitri Elian ilə döyüşüb. Qarşılaşma təmsilçimizin xeyrinə başa çatıb.
Rio-2016-ya lisenziya qazanan Səlimov hər 3 raundda rəqibini məğlub edib.
14:09
Oxu.Az xəbər verir ki, 51-54 kq yüngül çəki dərəcəsində Azərbaycan təmsilçisi Anna Əlimərdanova bolqarıstanlı Stanimira Petrova görüş keçirib, 3:0 hesablı qələbə qazanaraq yarımfinala çıxıb.
Əlimərdanova finala gedən yolda rusiyalı Yelena Savelyeva ilə üz-üzə gələcək.
12:38
Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün daha 8 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşəcək. Azərbaycanın 6 idmançısı müxtəlif çəkidə 1/4 final görüşünə çıxacaq.
Kişilər arasında 60 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Albert Səlimov bolqarıstanlı Dmitri Elianla döyüşəcək.
64 kq çəkidə ölkəmizi təmsil edən Lorenzo Sotomayorun yarımfinal yolunda rəqibi Daniel Nikulesku (Rumıniya) olacaq.
69 kq çəki dərəcəsində Pərviz Bağırov Almaniya təmsilçisi Abass Barau ilə üz-üzə gələcək.
91 kq çəkidə mübarizə aparan Abdulqadir Abdullayev isə fransız Pol Bionqolo Ombanla qarşılaşacaq.
Qadınlar arasında 54 kq çəki dərəcəsində yığmamızın üzvü Anna Əlimərdanova bolqarıstanlı dünya çempionu Stanimira Petrova ilə döyüşəcək.
64 kq çəki dərəcəsində isə Azərbaycan təmsilçisi Yelena Vıstropova Almaniyadan olan boksçu Rayan Sandi ilə döyüşəcək.
Mənbə:> Oxu.Az