Yurçeviç: Macarıstan və Slovakiya ilə oyunlarda qələbə istəyirik
Maraqlı və gözəl oyun oldu. Hərçənd oyunun gedişatı asan deyildi.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bakıda Litva yığması ilə qolsuz heç-heçə başa çatan yoldaşlıq oyunundan sonra bildirib.
Baş məşqçinin sözlərinə görə, oyunda qələbə qazanmaq üçün hər şey ediblər:
“İlk hissədə daha çox qol vurmaq imkanımız var idi. Biz mümkün olan hər şeyi etdik. Fasilədən sonra əvəzetmələr reallaşdırdıq. Bu da oyunumuza təsir etdi. Rəqibimizdən daha güclü idik. Sadəcə, qol vura bilmədik. Komandadan razıyam”.
Nikola Yurçeviç bildirib ki, əvvəldən istəkləri qələbə olub:
“Bunun komandanın oyununa inam gətirəcəyinə inanırdıq. Amma bizim üçün nəticə ilə bərabər, oyunçuları da görmək vacibdir. Bu üzdən də matça 4 fərqli oyunçu ilə başladıq. İkinci hissədə də mümkün qədər çox futbolçunu iş başında görmək istədik. Nəticədən narazı deyiləm. Oyunçuları bir çox vəziyyətlərdə görmək istəyirdik. Təsadüfi deyil ki, Xorvatiya ilə müqayisədə, start heyətində 4 dəyişiklik etmişdik.
Məsələn, bu gün Rüfət Dadaşovu mərkəzdə oynatmaq istədim. Ramil Şeydayevin cinahdakı bacarığını görmək, Araz Abdullayevə şans vermək istədim. Ömər Buludovu da meydana buraxmağı düşünürdüm. Təkcə bir şeyə yox, çox nüansa fikir verməli olduq. Ona görə də deyirəm ki, çıxışımızdan razı qaldım”.
Mütəxəssis qeyd edib ki, oyunu qazanmaq üçün daha real şanslar var idi:
“Yüz faizlik imkanlarımızın olduğunu da deyərdim. Fasilədən sonra dəyişikliklər və yorğunluq oldu. Pavel Paşayevin komandaya çağırılmamağına gəlincə, o zədəlidir. Əslində, Pavel heyətdə yer alası oyunçudur. Sadəcə, zədəli olduğu üçün oyuna çağırılmadı”.
Nikola Yurçeviç oyunda azarkeşlərin az olmasına da münasibət bildirib:
“Stadionun heç olmasa yarısı dolsa, atmosferlə daha yaxşı adrenalin yaranar. Belə olsa, bəlkə də qələbə qazanardıq. Ola bilsin ki, havanın soyuq olmasından qaynaqlanır.
Digər tərəfdən, azarkeş marağını artırmaq üçün pozitiv nəticələr olmalıdır. Məqsədimiz daha yaxşı oynamalıyıq. Durumumuzu siz də bilirsiniz. Amma bunlara söykənmək fikrində deyilik. Macarıstan və Slovakiya ilə qarşıdakı oyunlarda qələbə istəyirik. Amma bu, bizim istəyimizdir. Reallıq fərqli ola bilər”.
Mənbə:> Oxu.Az