“Çelsi”nin məğlubiyyətsizlik seriyasına son qoyuldu
İngiltərə Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, turun mərkəzi qarşılaşması “Uembli” stadionunda oynanılıb. Turnir cədvəlində üçüncü yerdə qərarlaşan “Çelsi” dördüncü yerdə olan “Tottenhem” klubunun qonağı olub.
Görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunda hesabı erkən qolla 8-ci dəqiqədə “Tottenhem” klubu açıb. Belə ki, Kristian Eriksennin cərimə meydançasına verdiyi hava ötürməsini Delli Alli dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0.
Vurulan qoldan səkkiz dəqiqə sonra meydan sahibləri yenidən fərqlənib. Komandanın kapitanı Hari Keyn uzaq məsafədən vurduğu zərbə ilə qapıçıya şans verməyib - 2:0. Fasiləyə qədər hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Qarşılaşmanın ikinci hissəsində Maurisio Paçetinonun yetirmələri hesab arasındakı fərqi üç topa çatdırıblar. Meydan sahiblərinin daha bir qolunu Son-Heungmin vurub - 3:0.
Matçın 85-ci dəqiqəsində “Çelsi” qollardan birinin əvəzin çıxıb. Olivye Jiru adını tabloya yazdırıb - 3:1.
Qalan dəqiqələrdə hesab dəyişilməyib. Bu qələbədən sonra "Tottenhem" klubu xalların sayını 30-a çatdıraraq üçüncü pilləyə yüksəlib. “Çelsi” isə aktivində 28 xalla dördüncü yerdə qərarlaşıb. Bu, “Çelsi”nin cari mövsümdə İngiltərə çempionatında ilk məğlubiyyətidir.
Mənbə:> Oxu.Az