"Beşiktaş" "Fənərbağça"nın məğlubiyyətsiz oyunlar seriyasına son qoydu
Fevralın 25-də futbol üzrə Türkiyə Super Liqasının 23-cü turunun növbəti oyunları keçirilib.
Virtualaz.org bildirir ki, turun maraqla gözlənilən mərkəzi qarşılaşmasında çempionatda 41 xalla dördüncü sırada qərarlaşan "Beşiktaş" komandası 44 xalla üçüncü sırada yer alan "Fənərbağça"nı qəbul edib.
Hesabı görüşün 8-ci dəqiqəsində "Fənərbağça"nın futbolçusu Fernandao açıb - 1:0. Bundan sonra irəli atılan beşiktaşlılar 49-cu dəqiqədə hesabı bərabərləşdiriblər. Gökhan Gönülün ötürməsini Domagoj Vida qola çevirib - 1:1.
İkinci hissənin 77-ci dəqiqəsində "Beşiktaş" komandası Rikardo Kvarejmanın vurduğu topla hesabda önə çıxıb - 2:1.
Hesabı bərabərləşdirməyə cəhd göstərən "Fənərbağça"nı əks hücumda yaxalayan "Beşiktaş" hesab arasındakı fərqi artırıb. Alvaro Neqredonun ötürməsindən sonra Rikardo Kvarejma oyuna əlavə edilmiş dəqiqələrdə komandasının üçüncü, özünün isə ikinci topunu rəqib qapısından keçirib - 3:1.
Beləliklə, çempionatın son 15 oyunda məğlub olmayan rəqibinə qalib gələn "Beşiktaş" bu oyundan sonra xallarının sayını 44-ə çatdıraraq turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib.
Qarşılaşma həm də bir neçə gərgin anla yadda qalıb. Belə ki, baş hakim Cüneyt Çakır oyunda komandaların futbolçularuna, ümumilikdə, kobudluğa görə 5 sarı kart göstərib.
Bundan başqa, görüşün əvvəlində "Fənərbağça"nın oyunçusu Mehmet Topal azarkeşlər tərəfindən naməlum əşyanın stadiona atılması nəticəsində başından zədə alıb.
Daha bir məqam. Bu görüş cari mövsümdə Super Liqada ən çox tamaşaçının baxdığı qarşılaşmalardan biri olub. "Vodafon Park" stadionunda keçirilən oyunu 35 mindən çox tamaşaçı izləyib.
Qeyd edək ki, hazırda turnir cədvəlinə hesabında 47 xal olan "Qalatasaray" başçılıq edir. "Başakşehir" 46 xalla ikinci yeri tutur.
Mənbə:> Virtualaz.org