Avropa Liqasının finalçıları müəyyənləşdi
Futbol üzrə Avropa Liqasının finalçıları müəyyənləşib.
Oxu.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab qarşılaşmalarında Hollandiyanın “Ayaks” və İngiltərənin “Mançester Yunayted” klubları sərfəli nəticə əldə edərək adlarını finala yazdırıblar.
Joze Maurinyonun yetirmələri səfərdə minimal hesabla məğlub etdikləri İspaniyanın “Selta” klubu ilə doğma meydanda 1:1 hesablı bərabərliyə qalıblar.
“Qırmızı şeytanların” heyətində 17-ci dəqiqədə Maruan Fellaini fərqlənib. Qonaqların cavab qolunu isə 86-cı dəqiqədə Sebastian Fakundo vurub.
Səfərdə “Lyon” komandasının qonağı olan “Ayaks” klubu isə 3:1 hesabı məğlub olub. 27-ci dəqiqədə Kaper Dolberqin qolu ilə hesabda irəli çıxan qonaqlar sonradan qapılarında üç top görüblər. “Lyon”un heyətində Aleksandr Lakazette dubla imza atıb (hər iki qol birinci hissəyə əlavə olunmuş dəqiqələrdə vurulub), daha bir dəfə isə Rəşid Qezzal fərqlənib (81). Məğlubiyyətə baxmayaraq, ilk oyundakı 4:1 hesablı qələbə sayəsində “Ayaks” final mərhələsinə vəsiqəni təmin edib.
Avropa Liqasının finalı mayın 24-də İsveçin Stokholm şəhərindəki “Frends Arena” stadionunda keçiriləcək.
Mənbə:> Oxu.Az