Güləş fəndlərinin qiymətləndirilməsində – DƏYİŞİKLİKLƏR
Güləş idman növünün daha da populyarlaşması və güləşə marağın artırılması məqsədilə Dünya Güləş Birliyi güləş qaydalarında mütəmadi olaraq dəyişikliklər edir.
Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, martın 20-dən etibarən bir sıra yeni dəyişikliklər qüvvəyə minib.
Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə bütün yaş qruplarına aid olan qayda dəyişiklikləri:
- sərbəst güləşdə bütün qayda pozuntuları (xalçadan kənara qaçma, rəqiblə təmasdan qaçma, qaydalara zidd hərəkətlər) xəbərdarlıq və rəqibə 2 xal verilməsi ilə nəticələnəcək (yunan-Roma güləşində olduğu kimi);
- sərbəst güləşdə ayaq üstə edilən və təhlükəli vəziyyətlə yekunlaşmayan bütün atmalar 2 xalla qiymətləndiriləcək (yunan-Roma güləşində olduğu kimi);
- sərbəst güləşdə tətbiq edilən yüksək amplituda ilə icra edilən fənd təhlükəli vəziyyətlə yekunlaşarsa 5 xal, təhlükəli vəziyyət qeydə alınmazsa, 4 xalla qiymətləndiriləcək (yunan-Roma güləşində olduğu kimi);
- sərbəst güləşdə 30 saniyə aktivlik vaxtı sonunda güləşçilərdən hər hansı biri xal almazsa, passiv olan güləşçinin rəqibinə görüş dayandırılmadan 1 xal veriləcək, aktivlik vaxtı tətbiq olunan güləşçiyə xəbərdarlıq verilməyəcək;
- görüş zamanı xalça hakimi və yan hakim səhv qərar verərsə, xalça rəhbəri qərarı müzakirə edərkən onlarla birgə videotəkrara baxa biləcək;
- qanayan zədələnmələr zamanı həkimə müraciət üçün 4 dəqiqə vaxt ayrılacaq. Digər zədələnmələrdə əvvəlki qayda tətbiq ediləcək;
- yunan-Roma güləşində passivliyə görə tətbiq edilən parter qaydası ləğv edilmişdi. Bu qaydada hər hansı dəyişiklik edilməyib.
Qeyd edək ki, 8-9 aprel tarixlərində Bolqarıstanda təşkil olunacaq Dan Kolov-Nikola Petrov beynəlxalq turnirində passivliyə görə məcburi parter tətbiq edilməsi qaydası bir daha sınaqdan keçiriləcək və yekun qərar bundan sonra veriləcək.
28 mart - 2 aprel tarixlərində Macarıstanda baş tutacaq U-23 Avropa çempionatı isə partersiz sistemlə keçiriləcək.
Mənbə:> Oxu.Az