Qurban Qurbanovdan yeni rekord
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə yeni rekordçu kimi düşüb. Futbolxeber.az saytının məlumatına görə, o, ardıcıl 3 dəfə komandası ilə ölkə çempionu olan ilk məşqçi olub. Buna səbəb “Qarabağ”ın Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün çempionu olmaqla ardıcıl 3-cü dəfə qızıl medalları qazanmasıdır. Hər 3 zəfərin memarı olan Qurbanovadək heç bir məşqçi bunu bacarmamışdı. Ardıcıl 3 çempionluq əldə edən “Neftçi” isə 1 dəfə Arif Əsədov, 2 dəfə Böyükağa Hacıyevlə titula yiyələnib. Bunadək Kazbek Tuayev, Mehman Allahverdiyev, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Qurbanov ardıcıl 2 mövsüm çempion olmağı bacaran mütəxəssislər idi. Qurbanov seriyasını 3-ə çatdırmaqla şəriklərini arxada qoyub.
Ümumiyyətlə isə o, baş məşqçi kimi qazanılan qızıl medal sayında Hacıyevlə Allahverdiyevə çatıb - hərəsi 3 dəfə. “Üçlük” yalnız Ağasəlim Mircavadovla (5) Kazbek Tuayevdən (4) geri qalır. Digər 5 çalışdırıcı - Əhməd Ələsgərov, Qyoko Hacıyevski, Kaxaber Sxadadze, Valentin Xodukin və Arif Əsədovun hərəyə 1 uğuru var.
Azərbaycan çempionlarının baş məşqçiləri
1992. Əhməd Ələsgərov
1993. Ağasəlim Mircavadov
1993/94. Kazbek Tuayev
1994/95. Mehman Allahverdiyev
1995/96. Kazbek Tuayev
1996/97. Kazbek Tuayev
1997/98. Mehman Allahverdiyev
1998/99. Mehman Allahverdiyev
1999/2000. Ağasəlim Mircavadov
2000/01. Ağasəlim Mircavadov
2001/02. yarımçıq qalıb
2003/04. Kazbek Tuayev
2004/05. Ağasəlim Mircavadov
2005/06. Böyükağa Hacıyev
2006/07. Ağasəlim Mircavadov
2007/08. Valentin Xodukin
2008/09. Qyoko Hacievski
2009/10. Kaxaber Sxadadze
2010/11. Arif Əsədov
2011/12. Böyükağa Hacıyev
2012/13. Böyükağa Hacıyev
2013/14. Qurban Qurbanov
2014/15. Qurban Qurbanov
2015/16. Qurban Qurbanov
Mənbə:> Futbolxeber.az