“Qarabağ” çox güclü komandadı, ilk dəfədi evdə uduzur"
“Çox maraqlı və gözəl görüş idi. Start həyəcanından sonra “Qarabağ” özünə gəldi və yaxşı oyun sərgilədi” - Sportinfo.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Bakıda “Tottenhem”lə qarşılaşan ağdamlıların rəhbəri 0:1 hesablı məğlubiyyətdən sonra fikirlərini bildirib:
“Əlbəttə, rəqib çox güclü idi. İnkişaf etmiş və güclü kollektivdi. Vurduğumuz qolun ofsayd olması bizim bəxtsizliyimiz idi. Nəsə “Qarabağ”ın ofsaydlarla bəxti gətirmir. Əlimizdən gələni etdik, mübarizə apardıq. Çox çətin qrupa düşmüşdük. Ancaq “Qarabağ” meydana çıxdığı hər oyunda qələbəyə yaxın tərəf idi. Klubumla fəxr edirəm. Azərbaycanı layiqincə təmsil etdik”.
Gözəl qrupun son oyununda da meydana qələbə üçün çıxacaqlarını deyib: “Anderlext”lə son oyunumuz qalıb. Onu qazanmaq istəyirik. Nəticəyə nə qədər təsiri olacaq onu bilmirik. Düzü inanmıram, çox az şansımız var, ancaq ən azı səfərdən uğurla dönüb, motivasiya qazanmaq istəyirik. Mən “Qarabağ”ımla fəxr edirəm”.
“Komandamın çıxışından məmnunam” bu sözləri isə “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino deyib. Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”ın qonağı olan London klubu 1:0 hesablı qələbə qazanaraq, növbəti mərhələyə vəsiqəni təmin edib. Görüşdən sonra keçirilən mətbuat konfransında fikirlərini bildirən argentinalı mütəxəssis sözlərinə bu cür davam edib: “Çətin oyun oldu. “Qarabağ” çox güclü komandadı. İlk dəfədi evdə uduzur. Yaxşı mübarizə oldu. Növbəti mərhələyə adladığımız üçün xoşbəxtəm”.
- Bazar günü “Çelsi”yə qarşı oynayacaqsız. Çətin olmayacaq?
- Komandam Londona yaxşı əhval-ruhiyyədə qayıdacaq. Bəlkə fiziki cəhətdən istədiyimiz formada olmayacağıq. Amma yol boyu tibbi heyət oyunçuların durumunu qaydasına salmağa çalışacaq.
- “Monako” ilə görüşə ehtiyat qüvvəni buraxacaqsız?
- Bizim üçün bütün oyunlar önəmlidi və “Monako” önünə qələbə üçün çıxacağıq.
Mənbə:> Sportinfo.az